media-soltan
Heydər Əliyev Fondunun Vatikanla həyata keçirdiyi layihələr və ICESCO ilə birgə təsis olunmuş “Natəvan Mədəni İrs Mükafatı” Azərbaycanın beynəlxalq müstəvidə sülhün təşviqi və ümumbəşəri dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin parlaq nümunələri olmaqla, son vaxtlar ölkəmizə qarşı səsləndirilən əsassız iddialara layiqli cavabdır.
 Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının xarici siyasəti ikitərəfli mədəni əlaqələr çərçivəsini aşaraq qlobal miqyasda sülhün və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən ardıcıl və sistemli dövlət strategiyası kimi formalaşıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş bu strategiya mədəniyyətlərarası dialoqun genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Bu siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri mühüm rol oynayır. Aparılan strateji xəttin real nəticələri son dövrlərdə keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə özünü aydın şəkildə göstərir.
Aprelin 30-da Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində Fond tərəfindən Vatikanda son 15 il ərzində həyata keçirilən layihələri özündə əks etdirən “Mədəniyyətlər körpüsü” nəşri, sənədli film və “Səmavi dinlər” layihəsi əsasında hazırlanmış triptix xalça kompozisiyası nümayiş olunub. Təqdim olunan kitabın ilk nüsxəsi 2025-ci ilin aprel ayında Fondun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşündə təqdim edilib. Bu təqdimatlar Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış əməkdaşlığın və qarşılıqlı etimadın davamı kimi qiymətləndirilir və dinlərarası dialoqa mühüm töhfə verir.
Heydər Əliyev Fondu tərəfindən Vatikan Apostol Kitabxanası və Arxivlərində Azərbaycan tarixinə dair əlyazmaların aşkar edilərək rəqəmsallaşdırılması da böyük əhəmiyyət daşıyır. Daha bir mühüm tədbir isə mayın 4-də ICESCO-nun Mərakeşdə yerləşən baş qərargahında keçirilən “Natəvan Mədəni İrs Mükafatı”nın ilk təqdimat mərasimi olub. Azərbaycanın mədəni diplomatiya sahəsində mühüm təşəbbüsü kimi 2025-ci ildə təsis edilən və Xurşidbanu Natəvanın adını daşıyan bu mükafat maddi mədəni irsin qorunması sahəsində qabaqcıl təcrübələrin təşviqinə xidmət edir.
“Natəvan Mədəni İrs Mükafatı” Azərbaycanın milli dəyərlərə bağlılığını, humanizm və multikulturalizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Heydər Əliyev Fondu və ICESCO tərəfindən təqdim edilən bu mükafat həm Xurşidbanu Natəvanın xatirəsinə ehtiramın ifadəsidir, həm də Qarabağın zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə töhfə verir.
Nəticə etibarilə, həm Vatikanla həyata keçirilən layihələr, həm də ICESCO ilə birgə təsis olunmuş “Natəvan Mədəni İrs Mükafatı” Azərbaycanın beynəlxalq müstəvidə sülhün təşviqi və ümumbəşəri dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin parlaq nümunələri olmaqla, son vaxtlar ölkəmizə qarşı səsləndirilən əsassız iddialara layiqli cavabdır”.

media-728x90banner

Bənzər xəbərlər