Soltan Məmmədov: Büdcədə səhiyyə xərclərinin xüsusi çəkisinin artması müsbət haldır
Gələn ilin dövlət büdcəsinin xərclərinin 41 %-nin sosial yönümlü xərclərə yönəldilməsi, Dövlət Sosial Müdafiə Fondunun həm xərclərinin, həm də gəlirlərinin artımı, İşsizlikdən Sığorta Fondu çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi təqdirəlayiqdir.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, həm 2026-cı ilin dövlət büdcəsində, həm də icmal büdcədə səhiyyəyə ayrılan vəsaitin artması ölkədə uğurla həyata keçirilən icbari tibbi sığortanın bariz nümunəsidir: “Eyni zamanda, dövlət büdcəsinin xərcləri strukturunda səhiyyə xərclərinin xüsusi çəkisinin 4,9 %-ə çatması və buradakı 1 % artım müşahidə olunması da müsbət haldır. Xüsusilə, icmal büdcədə Dövlət İcbari Tibbi Sığorta Fondunun 2026-cı il üzrə xərclərinin əhəmiyyətli hissəsinin məhz cari ilin sonuna qədər istifadə olunmamış gəlirlər hesabına qarşılanacağını nəzərə alaraq, gələcəkdə fondun real gəlirləri kontekstində bu siyasətin davamlılığı necə təmin olunacaq?
Biz hər zaman xüsusi Dövlət Proqramlarının İcbari Tibbi Sığorta Fondu çərçivəsində həyata keçirilməsini arzulamışıq və bu, bu gün həyata keçirilir. Hələ də dövlət proqramı çərçivəsində maliyyələşdirilən həmin 6 proqramla yanaşı, digər 8 proqramın fond hesabına maliyyələşdirilməsi ilə bağlı qərarda hansı göstəricilər əsas götürülüb? Çünki biz hər il qeyd edirik ki, bu layihələrin icrasının monitorinqi çox önəmlidir. Hesablama Palatasının hesabatlarında bu məsələlər əks olunur. Çünki bu proqramlar xüsusi həssas qrupları və tam tibbi yardıma ehtiyacı olan insanları əhatə edir. Eyni zamanda ilkin səhiyyə xidmətinin inkişafı ilə bağlı da müəyyən tədbirlərin genişləndirilməsini arzu edirəm. Bu gün immunoprofilaktika proqramına ayrılan büdcənin artımı bizi sevindirir. Bu da ilkin səhiyyə xidmətində böyük uğur kimi qiymətləndirilə bilər. Ümumilikdə, səhiyyə sahəsində gələcəkdə bu Dövlət Proqramlarının sığorta büdcəsi hesabına maliyyələşdirilməsi və onların monitorinqinin həyata keçirilməsi çox vacibdir”.










