Soltan Məmmədov: Əsas hədəfimiz…
Əziz seçicilər!
Bu gündən etibarən növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın tarixində yeni bir tarixi dövr başlayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı möhtəşəm zəfərlər dövlətimizin gücünü, xalqımızın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Biz bu yeni mərhələdə üzərimizə daha böyük məsuliyyət düşdüyünün fərqindəyik. İnanıram ki, bu seçkilər ölkəmizin ümumi inkişafına, dövlətimizin daha da güclənməsinə töhfə verəcəkdir.
Təşviqat kampaniyası dövründə seçicilərimizlə çoxsaylı görüşlərimiz planlaşdırılır. Xəzər rayonu mənim üçün doğma məkanlardan biridir. Bu dəfə fərqli dairədən – 12 saylı Xəzər birinci seçki dairəsindən namizədliyim irəli sürülsə də inanıram ki, ötən müddətdəki fəaliyyətimiz seçicilərin təkrar etimadını qazanmağımıza vəsilə olacaqdır. Əsas hədəfimiz insanlarımızı dinləmək, onların qayğılarını öyrənmək, qaldırılan bütün məsələlərin həllinə nail olmaqdır. Ötən beş ildə bütün Azərbaycanda olduğu kimi, Xəzər rayonunda da böyük dəyişikliklər baş verib. Lakin biz əldə olunmuş uğurlarla kifayətlənməməli, gələcəyə baxmalıyıq. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır!
Soltan Məmmədov










