Xəbər verdiyimiz kimi 12 saylı Xəzər birinci seçki dairəsində deputatlığa namizəd Soltat Məmmədov seçicilərlə görüşlərini davam edir.
Soltan Məmmədov bildirib ki,  Şağan qəsəbəsində seçicimiz Sevda Abdullayevanın qonağı olduq. Sevda xanım uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, 20 il ərzində qəsəbədə fəaliyyət göstərən 124 nömrəli orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb. S.Abdullayevaya məxsus həyətdə unikal muzey fəaliyyət göstərir və onun yaradılması tarixi də olduqca maraqlıdır. Muzeyin yaradıcısı Səyavuş Əlizadə Sevda xanımın şagirdi olub və məktəb illərindən muzey işinə maraq göstərib. Təsadüfi deyildir ki, ilk sərgisi də elə məktəbdə təşkil olunub.
Zamanla kolleksiya o qədər genişlənib ki, Səyavuş müəllimin eksponatlarını toplamağa yeri qalmayıb. Çətinliyi ilə bağlı Sevda xanıma müraciət edib və muzeyi qədər də unikal cavab alıb. S.Abdullayeva ona məxsus evin bir hissəsini muzey etmək üçün şagirdinə təklif edib. Hazırda Xəzər Muzeyi məhz həmin evdə yerləşib. Şagirdi muzeyi müəlliməsinin adına təsis edib.
Bu gün bu muzeyin nə az, nə çox – 14 min eksponatı var. Burada əsas etibarilə Şağan qəsəbəsinə, bir qədər geniş coğrafiyada götürdükdə isə Abşerona aid incəsənət əsərləri, tarixi abidə nümunələri, yerli elm, mədəniyyət, incəsənət xadimlərinə məxsus sənədlər, medal və təltiflər, musiqi alətləri, əl işləri toplanıb. Muzeydə numizmatiklər üçün də pul nümunələrindən ibarət geniş kolleksiya var. Təbii ki, onların hamısını kiçik muzeyə yerləşdirmək çətindir. Bu baxımdan, Şağan kəndinin turistlər üçün özəl məkanlarından olan bu muzeyin genişlənməsi və müasirləşməsi lazımdır.
Muzeyə baxışımız ərzində həm S.Abdullayeva, həm də S.Əlizadə ilə hərtərəfli söhbətimiz oldu, çay süfrəsinə qonaq olduq. Hər bir yaşayış məntəqəmizi, kənd və qəsəbələrimizi, rayon və şəhərlərimizi, bütövlükdə isə vətənimizi bizim üçün dəyərli edən belə işıqlı vətəndaşlarımızdır.
 

media-728x90banner

Bənzər xəbərlər