Strateji tərəfdaşlıqdan yeni geosiyasi reallığa doğru
Azərbaycan iqtisadi potensialı və enerji resursları sayəsində geosiyasi məkanda mühüm mövqe tutur. Son illərdə qlobal logistika layihələrində ölkəmizin fəal iştirakı bu mövqeni daha da gücləndirir. Bu amillər Azərbaycanın xarici siyasətinə birbaşa təsir göstərir və ölkəmizi beynəlxalq münasibətlər sistemində önəmli aktora çevirir. Bu gün Azərbaycan regionda və qlobal səviyyədə mövqeyi nəzərə alınan, fikrinə hörmətlə yanaşılan, qərarların formalaşmasında iştirak edən strateji əhəmiyyətə malik bir dövlətdir.
Prezident İlham Əliyevin qlobal liderliyi, yüksək siyasi nüfuzu və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Ölkə başçısının Qazaxıstana səfəri və ona göstərilən yüksək səviyyəli qonaqpərvərlik qeyd olunanların təsdiqidir. Prezident İlham Əliyevin Astanada keçirdiyi görüşlər, birgə bəyanatlar və xüsusilə Azərbaycan Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası mühüm məqamlarla yadda qaldı.
Ali Dövlətlərarası Şuranın ikinci iclasında Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayaraq iki ölkənin regional və beynəlxalq siyasətdə ortaq mövqedə olduğunu, iqtisadi əməkdaşlığın və mədəni layihələrin əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu tərəfdaşlıq qarşılıqlı hörmət, siyasi iradə, uzunmüddətli əməkdaşlıq əsasında qurulur, regionda sabitlik və inkişafın təminatçısıdır.
Prezident İlham Əliyevin birgə bəyanat zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin sadəcə ənənəvi dostluqla məhdudlaşmadığını, dərin siyasi və strateji maraqlara söykəndiyini nümayiş etdirdi. Azərbaycan lideri Qazaxıstanın ölkəmizin ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyi xüsusi vurğulayaraq bu münasibətlərin qardaşlıq və qarşılıqlı etimad üzərində qurulduğunu bildirdi. Vaşinqtonda paraflanmış sülh sazişinə Tokayevin dərhal reaksiyası və Ermənistanla tranzit əməkdaşlığının başlanması regionda Azərbaycanın təşəbbüskar və real nəticələrə hesablanmış siyasət apardığını sübut edir. Bununla yanaşı Kurmanqazı adına Mədəniyyət Mərkəzinin timsalında humanitar əməkdaşlıq iki ölkə arasında münasibətlərin cəmiyyətlər səviyyəsində də gücləndiyini göstərir.
Prezident İlham Əliyev iqtisadi əməkdaşlıqdan danışarkən vacib bir strateji məsələyə diqqət çəkdi. Orta Dəhliz və TRIPP layihələri sayəsində Azərbaycan təkcə regional nəqliyyat qovşağına çevrilmir, həmçinin Avrasiya məkanında mühüm əlaqələndirici rol oynayır. Bu təşəbbüslər nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı ölkəmizin geosiyasi çəkisini də artırır. Azərbaycan-Qazaxıstan tərəfdaşlığı artıq təkcə ikitərəfli münasibətləri deyil, bütöv regionun gələcəyini formalaşdıran strateji əməkdaşlıq modelini təcəssüm etdirir. Bu münasibət sabitliyə və inkişaf dinamikasına əsaslanan uzunmüddətli birliyin real nümunəsidir.
Prezident İlham Əliyevin qardaş Qazaxıstana səfəri mühüm siyasi hadisə kimi yadda qaldı və yüksək səviyyəli məhsuldarlığı ilə seçildi. Keçirilən görüşlər, səsləndirilən fikirlər, qəbul olunan qərarlar və imzalanan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərinin çoxşaxəli, strateji xarakter daşıdığını bir daha təsdiqlədi və regionun sabitliyi ilə inteqrasiyası baxımından da önəmli töhfə verdi. Prezident Tokayevin də vurğuladığı kimi Azərbaycan liderinin səfəri iki ölkə arasında möhkəmlənən strateji tərəfdaşlığın gələcək inkişafı üçün ciddi əsaslar yaratdı. Eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yaranan yeni geosiyasi düzənin və güclənən strateji tərəfdaşlığın simvolik ifadəsinə çevrildi.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı