Sülh müqaviləsi imzalanması regionda sabitliyin təminatıdır
Xəbər verdiyimiz kimi mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.
Bununla bağlı deputat Cavanşir Paşazadə bildirib ki, Qazaxın 4 kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarılması cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi və böyük həqiqətin növbəti təzahürüdür:
“Qazaxın 4 kəndi işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm tarixi addımdır: “Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, sülhb yolu ilə azad edilməsi cənab prezident İlham Əliyevin növbəti tarixi qələbəsidir. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxması və ardınca da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması cənab prezident İlham Əliyevin 2016-cı ilin aprel ayında başlatdığı möhtəşəm zəfərin davamıdır. Laçın, Kəlbəcər Ağdam rayonlarından sonra Qazaxın 4 kəndi sülh yolu ilə azad olunur. Əlbəttə ki, bu cənab prezident İlham Əliyevin uğurlu diplomatiyasının və Müzəffər Azərbaycan Ordusunun növbəti möhtəşəm qələbəsidir”.
Deputat qeyd edib ki, Qazaxın 4 kəndin sülh yolu ilə qaytarılması tezliklə sülh müqaviləsinin imzalanacağı ehtimalını da artırır:
“İki ölkə arasında münasibətlərin normallaşması regionda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələrin xain planlarının növbəti dəfə iflasa uğraması deməkdir. Bu gün Ermənistan rəhbərliyi cənab prezident İlham Əliyevin məsləhətlərinə qulaq asaraq həm dövlətini, həm də xalqını böyük uçurumdan xilas etmiş olar. Əminəm ki, kənar müdaxilələr olmadan Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə nəticələncək”.










