Sülh yolunda Qələbə – Azərbaycanın Geosiyasi Uğuru!
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamə dövlətimizin iştirakçısı olduğu beynəlxalq-hüquq aktları sırasında xüsusi yeri tutur. İlk növbədə qeyd etmək lazımdır ki, bu tarixi hadisə bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ardıcıl formada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən milli təhlükəsizlik və xarici siyasət doktrinasının məntiqi nəticəsidir. Ən mürəkkəb geosiyasi durumda belə bir əhəmiyyətli hüquqi və diplomatik Zəfərin əldə edilməsi Azərbaycanın beynəlxalq siyasətinin parlaq səhifəsidir.
Dövlət başçısının bu mühüm sənədə imza atması əsrlərdən bəri davam edən və həll olunması fövqəladə xarakterli maneələrlə üzləşən problemin de-yure və de- fakto sonuclanmasından xəbər verir. Keçmiş tarixə detallı şəkildə varmadan qeyd etmək lazımdır ki, Birgə Bəyannamənin mühüm siyası və hüquqi əhəmiyyəti var. İlk növbədə, Bəyannamə “Müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına uyğun olaraq, beynəlxalq müqavilələr, konvensiyalar, sazişlərlə yanaşı beynəlxalq razılaşmaların bir növüdür və beynəlxalq hüquqi öhdəliklərlər yaradan sənəddir. Bu hüquqi aktın müstəsna əhəmiyyəti ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqları nəzərə alır və yeni müharibə riskini minimuma endirir. Bu mənada Bəyannamənin 5-ci bəndi beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq olunmasının yolverilməzliyini, iki dövlətin qonşuluq münasibətlərinin qurulmasına başlaması, yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq iki dövlət arasında düşmənçilik səhifəsinin bağlanmasını özündə ehtiva edir. Həmçinin hazırda və gələcəkdə hər hansı bir qisas cəhdinin qətiyyətlə rədd edilməsi və istisna edilməsini nəzərdə tutur.