Sumqayıtda “Boulevard Medical Center”də ali tibbi təhsili olmayan şəxslər necə həkim kimi çalışır?
Bir neçə gündür Sumqayıt şəhərində baş verən məlum “Alma olayı” şəhər rəhbərliyinin idarəetməsini gündəmə gətirib. Kiçik sahibkarın almasının aparılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti işçilərinin bu addımı Azərbaycanda geniş müzakirələrə səbəb oldu Hər kəs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovla yanaşı, icra başçısı Zakir Fərəcovu da qınadı.
Bu günlərdə isə Bizimesr.az-ın elektron ünvanına Sumqayıt şəhərində baş verən diğır hallarla bağlı onlarla məlumat göndərilib. Redaksiya olaraq bu faktları mərhələ-mərhələ ictimailəşdirməyə çalışacağıq. Xüsusilə qeyd edirik ki, bəzi məlumatların araşdırılması hazırda mümkün olmadığı üçün qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Daxil olan məlumatların birində iddia olunur ki, Sumqayıt şəhərinin ən bahalı ərazilərindən biri hesab edilən “Levend” MTK-nın ərazisində icra başçısı Zakir Fərəcovun qızının “Boulevard Medical Center” klinikası və xarici dil kursları yerləşir. İddiaya görə, “Boulevard Medical Center” klinikasında ali tibbi təhsili olmayan şəxslər həkim kimi fəaliyyət göstərir və bu yolla insanlar aldadılır.
Məlumatda klinikada özünü dietoloq-nutrisioloq kimi təqdim edən Günel Əşrəfova barədə də iddialar yer alır. Qeyd olunur ki, Günel Əşrəfovanın heç bir ali tibbi təhsili yoxdur.
O, ANDOP MMC-də dietoloq kursunu bitirərək sertifikat alıb, daha sonra isə Türkiyədə bu sahə üzrə 1–2 aylıq təlimlərdə iştirak edib.
Əslində dietologiya tibbi sahədir və insan orqanizminin xüsusiyyətlərini bilməyən bir şəxsə belə məsuliyyətli işin tapşırılması doğru deyil, klinika rəhbərliyinin qanunları saymamasının, eyni zamanda Səhiyyə Nazirliyinin bu hallara göz yummasıdır. İddiaya görə, Günel Əşrəfovadan diplomu soruşduqda müxtəlif bəhanələr səsləndirir – gah diplomun evdə qaldığını, gah da harada olduğunu bilmədiyini deyir.
Bir daha bildirik ki, qarşı tərəf olaraq sözügedən kinikanın rəhbərliyinin və yazıda adı keçənlərində mövqeyini dərc etməyə hazırıq.
Dietoloq və Nutrisoloq kimdir?
Dietoloq bir başa həkimlik peşəsidir və bu sahədə xidmət göstərmək üçün mütləq həkimlik ixtisası üzrə ali təhsil alınmalıdır. Dietoloq olmaq üçün. ali tibbi təhsil, həkim diplomu, ixtisaslaşma (rezidentura və ya ixtisasartırma) mütləqdir. Dietoloq, xəstəliklərə görə pəhriz təyin edir, analizlərə əsaslanaraq rasion yazır, müalicə prosesinin bir hissəsi kimi fəaliyyət göstərir
Nutrisoloq (Nutrisioloq) isə həkim olmaya bilər. Əslində bu termin manipulyasiya edilən anlayışdır
Nutrisoloq kimdir?
Qidalanma haqqında ümumi məsləhətlər verən şəxs, sağlam insanların qidalanması ilə bağlı maarifləndirici fəaliyyət göstərə bilər. Amma Nutrisoloq xəstəlik diaqnozu qoya bilməz, müalicəvi pəhriz yaza bilməz, analizlərə əsasən rasion təyin edə bilməz. Nutrisoloq olmaq üçün, müxtəlif kurslar, sertifikatlar ali tibbi təhsili əvəz etmir və həkim işləmək üçün yetərli deyil. Azərbaycanda bu ad üzrə rəsmi tibb ixtisası yoxdur. Bizimesr.az














