media-ulv
İmzalanan sənəd təkcə bugünkü nəsillər üçün deyil, gələcək nəsillər üçün də qardaşlığın, birliyin və strateji müttəfiqliyin möhkəm təməli kimi tarixdə qalacaq.
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni bir səhifə açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd Azərbaycan-Türkiyə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəltdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanır. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin isə “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları bu sənədin mənəvi və siyasi təməlini təşkil edir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin bütün dünyaya nümayişidir. Tarixi Zəfərdən sonra azad edilmiş Şuşada imzalanan bu sənəd iki dövlətin ortaq maraqlar, ortaq tarix və ortaq gələcək naminə birlik nümayiş etdirdiyini göstərdi. Bəyannamə regional və beynəlxalq səviyyədə mühüm siyasi mesaj olmaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını təsdiqlədi.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi. Sənəd dövlətlərarası əməkdaşlığın davamlı inkişafını təmin etməklə yanaşı, iki ölkə arasında strateji müttəfiqliyin gələcək istiqamətlərini müəyyənləşdirdi. Bu münasibətlər qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsiplərinə söykənərək hər iki dövlətin milli maraqlarına xidmət edir.
Bəyannamə siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, mədəniyyət, təhsil, informasiya və digər mühüm sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, regional təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində birgə fəaliyyət göstərirlər.
Şuşa Bəyannaməsi ölkələr arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinə geniş imkanlar açır. Qarşılıqlı investisiyaların artırılması, yeni layihələrin həyata keçirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi hər iki dövlətin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın real nəticələrindən biridir.
Bəyannamədə qeyd olunan mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması perspektividir. Bu layihə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməklə yanaşı, Avropa ilə Asiya arasında yeni nəqliyyat və logistika imkanları yaradır. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi, həmçinin Bakı-Tbilisi-Qars xətti ilə inteqrasiya olunaraq Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək.
Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Sənəd iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyət qabiliyyətinin artırılmasını, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini və hərbi təhlükəsizliyin möhkəmləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq regional sabitliyin qorunmasına və hər iki dövlətin təhlükəsizlik maraqlarının təmin edilməsinə xidmət edir.
Bəyannamə Azərbaycan və Türkiyənin xarici siyasət sahəsində əlaqələndirilmiş fəaliyyətini də nəzərdə tutur. Tərəflər beynəlxalq münasibətlər sistemində qarşılıqlı dəstəyi gücləndirməyi, regional və qlobal problemlərin həllində birgə səylər göstərməyi, milli maraqların qorunması istiqamətində koordinasiyanı artırmağı qarşılarına məqsəd qoyublar.
Sənəddə informasiya mübadiləsinin genişləndirilməsi, media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və xaricdə yaşayan Azərbaycan və türk diasporlarının fəaliyyətinin əlaqələndirilməsi xüsusi yer tutur. Bu istiqamətdə atılan addımlar beynəlxalq ictimaiyyətə həqiqətlərin daha effektiv çatdırılmasına və ortaq maraqların müdafiəsinə xidmət edir.
Şuşa Bəyannaməsi regionda sülh və sabitliyi pozmağa çalışan revanşist qüvvələrə də mühüm mesajdır. Sənəd bir daha göstərir ki, Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı yönələn istənilən təhdidə qarşı həmrəylik nümayiş etdirəcək və ortaq maraqlarını birlikdə qoruyacaqlar.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada mühüm beynəlxalq və elmi-praktik konfranslar keçirilir. Bu tədbirlər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, Türk dünyasının inteqrasiyasına və regional əməkdaşlıq məsələlərinə həsr olunur. Konfranslar artıq mühüm beynəlxalq müzakirə platformasına çevrilmişdir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsini ifadə edən tarixi sənəddir. Bu Bəyannamə iki qardaş dövlət arasında siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etməklə yanaşı, regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Şuşada imzalanan bu sənəd təkcə bugünkü nəsillər üçün deyil, gələcək nəsillər üçün də qardaşlığın, birliyin və strateji müttəfiqliyin möhkəm təməli kimi tarixdə qalacaq.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər