Şuşa Qlobal Media Forumu: Azərbaycanın informasiya sahəsində liderlik yolunda atdığı daha bir addımdır
19 iyul tarixində Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu, milli mətbuatımızın 150 illiyi ərəfəsində baş tutması ilə xüsusi rəmzi və strateji əhəmiyyət kəsb edir. Bu forum artıq qlobal miqyaslı ənənəyə çevrilib və dünyanın müxtəlif ölkələrindən tanınmış media nümayəndələrini bir araya gətirərək, Azərbaycanın informasiya sahəsindəki mövqeyini möhkəmləndirir.
Forumun əsas məqsədi süni intellektin mediada rolu, informasiya təhlükəsizliyi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə kimi aktual mövzuları müzakirə etməkdir. Burada səsləndirilən fikirlər və təkliflər beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və milli media sistemimizin dayanıqlılığının artırılmasına xidmət edir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə enerji və nəqliyyat deyil, həm də rəqəmsal texnologiyalar və informasiya sahəsində etibarlı tərəfdaşa çevrilmişdir. Məhz onun liderliyi ilə ölkəmiz informasiya suverenliyi, media islahatları və rəqəmsal təhlükəsizlik istiqamətində ciddi nailiyyətlər əldə edib.
Forumun Xankəndidə keçirilməsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu şəhərin yeni simvolik və funksional məna daşıdığını nümayiş etdirir. Xankəndi bu gün yalnız mədəni irsimizin deyil, həm də beynəlxalq fikir mübadiləsinin və texnoloji əməkdaşlığın mərkəzinə çevrilir.
III Şuşa Qlobal Media Forumu sübut edir ki, Azərbaycan informasiya dövrünün çağırışlarına cavab verməyə, qlobal media mühitində söz sahibi olmağa və bu sahədə liderlik təşəbbüslərini davam etdirməyə tam hazırdır.
Ülviyyə Həmzəyeva
Millət vəkili