media-sahin

 

Azərbaycan xalqı minilliklər boyu zəngin dövlətçilik ənənələrinə, böyük mədəniyyətə və qəhrəmanlıq tarixlərinə malik olmuşdur. Bu torpaqlarda yetişən nəsillər hər zaman vətənə sədaqəti, milli birliyi və azadlıq uğrunda mübarizəni həyat amalına çevirmişdir. Lakin XX əsrin sonlarına doğru ölkəmizin qarşısında çox böyük sınaqlar meydana çıxdı. Ermənistanın Azərbaycana qarşı başladığı əsassız ərazi iddiaları və hərbi təcavüz nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı, ərazilərimiz işğal olundu. Otuz ilə yaxın davam edən bu ədalətsiz işğal təkcə torpaqlarımıza deyil, həm də xalqımızın yaddaşına, mənəviyyatına ağır zərbə vurdu. 1990-cı illərin əvvəlində yaranmış mürəkkəb tarixi şəraitdə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal etdi. İşğal nəticəsində şəhərlərimiz, kəndlərimiz, tarixi abidələrimiz dağıdıldı, məscidlərimiz təhqir olundu, mədəni irsimiz məhv edildi. Xalqımız bu dövrü böyük ağrı və həsrətlə yaşadı. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Bu müddət ərzində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi gücün artırılması, ordu quruculuğu və milli həmrəyliyin təmin edilməsi əsas məqsədə – torpaqlarımızın azad edilməsinə yönəldi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatları nəticəsində Azərbaycan Ordusu əks-hücuma keçərək Vətən müharibəsini başladı. Bu gün artıq tarixə xalqımızın qəhrəmanlıq salnaməsi kimi həkk olunmuşdur. 44 gün davam edən müharibə ərzində igid oğul və qızlarımız canları və qanları bahasına Azərbaycan torpaqlarını işğaldan azad etdilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu müasir döyüş taktikasını, hərbi gücünü və yüksək mənəvi iradəsini nümayiş etdirdi. Qəhrəman əsgər və zabitlərimiz düşmən ordusuna ağır zərbə vuraraq uzun illər işğal altında qalan torpaqlarımızı azad etdilər. 44 günün hər günü tariximizdə yeni qəhrəmanlıq səhifəsi oldu: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa kimi strateji əhəmiyyətli rayon və şəhərlər azad edildi. Xüsusilə Şuşanın azad olunması Azərbaycan xalqı üçün misilsiz qürur mənbəyidir. Çünki Şuşa təkcə Qarabağın deyil, bütün Azərbaycanın mədəniyyət beşiyi, milli ruhumuzun simvoludur. Şuşanın alınması ilə müharibənin taleyi həll olundu, Ermənistan kapitulyasiyaya məcbur edildi və 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsində Azərbaycan xalqı böyük itkilər verdi. Minlərlə oğul və qızımız şəhidlik zirvəsinə ucaldı, on minlərlə igidimiz yaralanaraq qazi oldu. Bu gün 27 Sentyabr – Anım Günü həmin qəhrəmanların xatirəsinə ehtiram günü kimi qeyd olunur. Azərbaycan xalqı hər zaman şəhidlərini uca tutur. Onların fədakarlığı sayəsində biz bu gün azad torpaqlarımızda başı uca gəzir, Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlandığını görürük. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsi daim gücləndirilir. Vətən müharibəsində əldə olunan böyük qələbə təsadüfi deyildi. Bu, illərlə aparılan məqsədyönlü siyasətin, möhkəm dövlət iradəsinin və xalq-ordu birliyinin nəticəsi idi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın milli həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan müasir hərbi texnologiyalardan səmərəli istifadə etməklə yanaşı, mənəvi üstünlüyü ilə də seçildi. Müharibə dövründə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşdi, ölkədə misilsiz milli həmrəylik nümunəsi göstərildi. Bu həmrəylik Azərbaycanı qalib xalq, qalib dövlət kimi tarixə yazdı. 27 Sentyabr – Anım Günü yalnız kədər və hüzn günü deyil. Bu gün həm də qürur və iftixar günüdür. Çünki şəhidlərimizin xatirəsi qarşısında kədərlə yanaşı, onların qəhrəmanlığından doğan qürur hissini də yaşayırıq. Bu gün biz müasir müstəqil Azərbaycanın gücünü, birliyini və əzmini daha dərindən dərk edirik. Anım Günü həm də gələcək nəsillərə bir mesajdır: torpaq müqəddəsdir, azadlıq uğrunda mübarizə ən yüksək dəyərdir, şəhidlik isə ən uca zirvədir. Bu gün hər bir gənc Azərbaycan övladı bilməlidir ki, ölkəsinin azadlığı uğrunda canından keçən qəhrəmanların yolu əbədi yaşadılacaq. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Azərbaycan dövləti azad edilmiş torpaqları sürətlə dirçəldir, müasir infrastruktur layihələri həyata keçirir, yollar, dəmir yolları, elektrik stansiyaları, su anbarları, məktəblər və xəstəxanalar inşa olunur. Ən əsası isə Böyük Qayıdış proqramı həyata keçirilir. Artıq məcburi köçkünlər öz doğma yurdlarına geri dönməyə başlayıblar. Bu, Azərbaycan xalqının tarixi qələbəsinin ən böyük bəhrəsidir. Qayıdan hər bir ailə şəhidlərin ruhunu şad edir, onların mübarizəsinin bəhrəsini yaşayır. Azərbaycanın qazandığı Zəfər təkcə milli miqyasda deyil, beynəlxalq müstəvidə də mühüm əhəmiyyət daşıyır. Bu qələbə beynəlxalq hüququn aliliyinin bərpası, ədalətin zəfəri kimi dəyərləndirilir. Azərbaycan dünya ictimaiyyətinə sübut etdi ki, güclü dövlət, möhkəm ordu və xalq birliyi ilə ədaləti təmin etmək mümkündür. 27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün biz şəhidlərimizi yad edir, qazilərimizə minnətdarlığımızı bildirir, dövlətimizin qüdrətinə və gələcəyinə inamımızı bir daha ifadə edirik. Azərbaycan xalqı bu tarixi qələbəsi ilə öz müstəqilliyini və suverenliyini əbədi olaraq möhkəmləndirmişdir. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, bütün qazilərimizə Allahdan şəfa diləyirik. Azərbaycan xalqı daim qalib, dövlətimiz isə daim qüdrətli olacaqdır.

Şahin Seyidzadə

Millət vəkili 


media-728x90banner

Bənzər xəbərlər