Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü tamam olur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Məhz dahi liderin özünün həm quruma, həm də ölkəyə rəhbərlik etdiyi dövrlərdə təhlükəsizlik orqanları yad ideologiyalardan arınmış, yalnız Azərbaycana bağlı, ölkənin və xalqın gələcəyini özünün həyat amalı hesab edən milli ruhlu kadrların cəlb olunması sayəsində, bu orqanlar ən mürəkkəb zamanlarda müstəqilliyimiz, suverenliyimiz, ərazi bütövlüyümüzün qorunmasında müstəsna rol oynamışlar. Xüsusən, Vətən müharibəsində təhlükəsizlik orqanlarının dövlətə, xalqa və müzəffər Ali Baş Komandana sədaqətinin bir daha şahidi olduq. Bu da gözlənilən idi. Çünki əgər dahi lider Heydər Əliyev təhlükəsizlik xidmətinin generalı olaraq, bu orqanın milli simasını müəyyən etmişdisə, Prezident İlham Əliyev də bu orqanı zamanla yol tapıb möhkəmlənmiş xəyanətkar ünsirlərdən, cinayətkarlardan təmizləməklə, habelə, müasir prioritetləri müəyyən edərək, dövrün tələblərinə uyğun struktur islahatları keçirməklə qurumun nüfuzunu nəinki bərpa etmiş, hətta daha da artmasına nail olmuşdur. Xüsusən, korrupsiya ilə mübarizədə və xalqın cibinə, süfrəsinə uzanan əllərin kəsilməsində DTX strukturlarının dövlət başçısının əmr və göstərişlərini sədaqətlə və hərfi-hərfinə yerinə yetirməsi cəmiyyətdə bu orqanlara olan inam və etibarı daha da yüksəltmişdir. Bu gün Azərbaycan təhlükəsizlik orqanları özünün qızıl dövrünü yaşayır. İstər kadr təminatı, istər maddi-texniki təchizatı, ən müasir texnoloji vasitələrdən istifadə imkanları, istərsə də əməkdaşların sosial-məişət problemlərinin köklü həlli Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin ən yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır. Bu əlamətdar gündə Təhlükəsizlik orqanlarının rəhbərliyi başda olmaqla, xüsusi xidmət orqanı əməkdaşlarını, xüsusən, təmsil etdiyim Biləsuvarda təhlükəsizliyimizin keşiyində dayanan bütün əməkdaşları təbrik edir, mürəkkəb bir dönəmdə, həssas bir bölgədə şərəfli xidmətlərində hər birinə uğurlar arzu edirəm.

Bəhruz Məhərtəmov

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər