Təşəkkürlər, “Qarabağ” !
Azərbaycan beynəlxalq münasibətlərdəki gücünü yalnız iqtisadi və siyasi təsir imkanları ilə deyil, eyni zamanda idman sahəsindəki uğurları ilə də nümayiş etdirir. Ölkəmiz Olimpiya Hərəkatında fəal iştirakçı olmaqla yanaşı bir sıra böyük beynəlxalq tədbirlərə, o cümlədən Birinci Avropa, İslam Həmrəyliyi Oyunlarına və Formula 1 yarışlarına ev sahibliyi etməklə özünü idman ölkəsi kimi təsdiqləyib.
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə Azərbaycan yalnız iqtisadi sahədə deyil, həm də idman sahəsində inkişaf edir.
Bu inkişaf sayəsində ölkəmizin bayrağı ən məşhur idman saraylarında dalğalanır, idmançılarımızın qazandığı qələbələrimizin şərəfinə isə himnimiz səslənir.
Qitənin ən nüfuzlu futbol turniri olan Çempionlar Liqasında “Qarabağ” klubunun tarixində ikinci dəfə pley-off mərhələsini adlayaraq növbəti uğura imza atması ölkəmizdə idmana göstərilən qayğının bariz nümunəsidir.
Bu nailiyyət Azərbaycan futbol tarixində yeni bir səhifə kimi yadda qaldı. Əlbəttə, futbol arenası nə siyasət, nə də hərb meydanıdır. Futbol sadəcə dünyanın ən populyar oyunudur.
“Qarabağ”ın mərhələləri uğurla addımlaması hər bir azərbaycanlının qəlbində qürur hissini alovlandırdı və beş il öncə qazanılmış şanlı zəfərin xatirələrini yenidən canlandırdı.
Sanki Qala şəhərimizin divarları önündə əlbəyaxa döyüşlə qəhrəman ordumuzun parlaq zəfəri bir daha yaşandı və bu dəfə
Cıdır düzündə deyil, futbol meydanlarında qələbəmizin davamını hiss etdik.
“Köhlən atlar” əzmkarlıqla Avropanın yaşıl meydanlarında şahə qalxmağa hazırdır.
“Qarabağ” bu dəfə də sevincimizi dünyaya daşıdı, ölkəmizin qalibiyyət yolunu idman arenalarında davam etdirdi və xalqımıza milli qürur yaşatdı. Qurban Qurbanovun peşəkarlığı, komandaya və azarkeşlərə olan sarsılmaz inamı növbəti dəfə öz bəhrəsini verdi. İrəlidə bizi yeni rəqiblər və yeni hədəflər gözləyir. Lakin ən böyük hədəf şübhəsiz ki, qələbədir! Azərbaycan liderinin əzmi ilə isə zəfər həmişə bizimlədir.
Avropa artıq bizi gözləyir!
Ən güclülərin toplaşdığı bu möhtəşəm turnirdə “Qarabağ” bir daha səhnəyə çıxacaq, yalnız futbol klubu kimi yox, xalqın arzularını, ruhunu və mübarizəsini təmsil edən simvol kimi. Uğurları ilə ruhumuzu dirçəldəcək, qanımızı qaynadacaq, sevincimizə rəng qatacaq!
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı