media-fuu

Xaricdə turizmin təşviqinə görə keçirilən bahalı tender niyə ləğv olunub? Hesablama Palatasının qurumdakı yoxlamaları davam edir

Azərbaycan Dövlət Turizm Agentliyi yenidən medianın diqqətinə düşünüb. Buna səbəb  Turizm Agentliyinin Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsi üzrə tenderdir.

Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-1 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və “BÜROMAX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlanıb. Məlumat satınalmaların vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib. Bundan sonra bəlli olub ki,  Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var. Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Xəbəri Aktualinfo.org yayıb. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradıb.

Tribunainfo.az isə xəbər verib ki,  Turizm Agentliyi Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsini həyata keçirə bilməyəcək. Buna səbəb tenderin ləğv olunmasıdır. Sayt dəqiqləşdirməsə də, böyük ehtimalla söhbət məhz yuxarıda bəhs edilən tenderdən gedir.  Qeyd olunur ki, agentlik Avropanın bir çox ölkələrində turizm təbliği məqsədilə yol şouları təşkil etmək niyyətində olub. 873 min 931 min manatlıq layihəyə əsasən həmin şoular İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə reallaşdırılmalı idi.  “Sözügedən dövlət qurumu son zamanlar Azərbaycanda turizmin təşviqi istiqamətində bir sıra bahalı layihələr həyata keçirib. Ötən il bu məqsədlə bir neçə milyon manat xərclənsə də, ölkəyə gələn turistlərin sayında elə də ciddi dəyişiklik olmayıb”.

Bəzi ekspertlər hesab edirlər ki, Turizm Agentliyinin ciddi layihələrinin olmasına baxmayaraq, strategiyası yanlışdır. Onlar hesab edirlər ki, xaricdə Azərbaycanı turizm sahəsində bu şəkildə təbliğ etmək effekt vermir, üstəlik, bu işlərin bahalı olduğunu və həddindən artıq çox pul xərcləndiyini də qeyd edirlər. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad  Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsinin onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı olması xəbərləri də yayıldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi.

Ötən ay Hesablama Palatasının Dövlət Turizm Agentliyində yoxlamalar apardığı barədə rəsmi xəbər də yayılmışdı.  “APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb. Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.


media-728x90banner

Bənzər xəbərlər