Türk birliyinin qlobal gücə çevrilməsi yolunda önəmli addımlar atılır
Hazırda türk dövlətləri və xalqları arasında münasibətlər dərinləşməkdədir. Bu siyasətin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin Türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il Türkdilli Dövlətlərin Zirvə Görüşünün keçirilməsi də məhz Ulu Öndərin təşəbbüsləri sırasında olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən İlham Əliyevin dövlət başçısı kimi siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi xüsusi yer tutur.
Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, hazırda türk dövlətləri və cəmiyyətləri arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün müxtəlif platformalar mövcuddur. Parlamentlər arasında əlaqələrin inkişafı da diqqət mərkəzindədir və bu məqsədlə yaradılan TÜRKPA uğurla fəaliyyət göstərir. Bakıda TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində keçirilən tədbirlər bu baxımdan önəmlidir. Artıq TÜRKPA-ya sədrlik Azərbaycana keçib və ölkəmizin quruma uğurla sədrlik edəcəyi şübhəsizdir.
S.Fətəliyevanın sözlərinə görə, Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın 13-cü plenar iclasının iştirakçılarını qəbul edərkən mühüm mesajlar verib. Dövlətimizin başçısı andiçmə mərasimində dediyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikrini bir daha xatırladıb. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olacaq. Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə bərpa-quruculuq işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Azad edilmiş torpaqlarda qardaş türk ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Türkiyə şirkətləri isə nəhəng yol-nəqliyyat infrastrukturunun bərpasında fəal iştirak edirlər.
Deputat bildirib ki, Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə 44 günlük Vətən müharibəsi dönəmində qardaş Türkiyənin dəstəyinin bizə əlavə güc və inam verdiyini bir daha vurğulayıb. Dövlətimizin başçısı Cənubi Qafqazda mövcud vəziyyətə toxunaraq, müəyyən məsələlərin hələ açıq qaldığını diqqətə çatdırıb: “Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır”.
“Ümumiyyətlə, Türk birliyinin qlobal gücə çevrilməsi yolunda önəmli addımlar atılır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidməti var. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlətimizin başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan Türk dünyasının mənəvi və siyasi birliyinə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqət mərkəzində saxlayır. Türk dövlətlərinin birliyi istiqamətində səylərin daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir”, – deyə S.Fətəliyeva vurğulayıb.











