Türk dövlətləri arasında inteqrasiya artır
“Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısının sabah yenidən Azərbaycanda keçirilməsi, şübhəsiz ki, mühüm əhəmiyyət kəsb edir. Son illərdə bu cür görüşlərin bir neçə dəfə məhz Azərbaycanda, xüsusilə də Qarabağda, Şuşada baş tutduğunu bilirik. İndi isə növbəti görüş Qəbələdə keçiriləcək”.
Bunu açıqlamasında Milli Məclisin deputatıJalə ƏliyevaTürk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısının Qəbələdə keçirilməsinin əhəmiyyətindan danışarkən bildirdi.
“Təşkilata üzv ölkələrin dövlət başçıları artıq Qəbələyə toplaşırlar. Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafında Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri, atdığı cəsarətli və prinsipial addımlar mühüm rol oynayıb. Bu günə qədər təşkilat böyük inkişaf yolu keçib. Hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələr diplomatik, siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq edirlər. Bu ölkələri birləşdirən əsas amillər ortaq dil, din, mədəniyyət və tarixi köklərdir. Bu gün təşkilat gələcəyə inamla irəliləyir. Bir vaxtlar “21-ci əsr türk əsri olacaq” deyə ifadə edilən proqnozun nə qədər doğru olduğu artıq aydın şəkildə görünür. 21-ci əsrin insanları olaraq gündəlik hadisələrdə bu birliyin təsirini açıq şəkildə müşahidə edirik”.
Millət vəkili qeyd etdi ki, türk birliyi, sözün əsl mənasında, bu gün həm region, həm də dünya miqyasında əhəmiyyətli rol oynayır:
“Təbii ki, bu birliyi qısqanan, onun qarşısını almağa çalışan qüvvələr, ölkələr və təşkilatlar da mövcuddur. Lakin belə bir birliyin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi güclü liderlərin rəhbərliyi ilə inkişaf etməsi, onların ortaq səyləri ilə möhkəmlənməsi, təşkilatın qarşıya qoyduğu hədəflərə doğru daha inamla irəliləməsinə zəmin yaradır. Hazırda ortaq əlifba, dil, tarix, mədəniyyət, maddi-mədəni abidələr və digər mövzular ətrafında mütəmadi şəkildə müzakirələr aparılır, əlaqədar qurumlar səviyyəsində görüşlər keçirilir. Bu istiqamətdə həyata keçirilən işlər türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir”, – deyə Jalə Əliyeva bildirdi.