Türkiyə-Azərbaycan münasibətləri dövlətlərarası əlaqələr üçün örnəkdir
Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər qazanandan sonra regionda yeni reallıqlar yarandı”.
Bunu Milli Məclisin deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, bütün bu proseslərdə Azərbaycanı mənəvi və siyasi olaraq dəstəkləyən və ilk saniyədən yanında olan Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etdi: “Qarabağ, Şuşaya səfər edən ilk başqa ölkənin Prezidenti ünvanına sahib oldu. Ali Baş Komandan cənab Prezident İlham Əliyevlə birlikdə Şuşa şəhərində məhz Azərbaycan üçün önəmli bir gündə – 15 iyun tarixində Şuşa bəyannaməsini imzaladılar. Şuşa bəyannaməsi əslində Azərbaycan və Türkiyə münasibətlərinin bir konstitusiyası kimi dəyərləndirilməlidir. Bu günə qədər mövcud olan bütün münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisi olan Şuşa bəyannaməsi nəticə etibarilə iki dövləti strateji müttəfiqlikdən də yüksək səviyyəyə gətirib çatdırdı.
Ötən günlər ərzində hər bir sahədə qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyəyə çatdırılıb. Bir sözlə, bir mexanizm olaraq hal-hazırda iki dövlət də çalışır, birlikdə addımlayır, regional və qlobal təhdidlərə qarşı birgə mübarizə aparılır. Azərbaycan ordusu Türkiyə ordu modelinə uyğunlaşdırılaraq komondo tipli hərbi hissələr halına gətirilibdir. Eyni zamanda Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ən müasir silahların Azərbaycan ordu sıralarında tətbiq edilməsi üçün lazımi işlər görüb. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri zamanı bir sutka ərzində Azərbaycanın uğurlu antiterror tədbirlərini həyata keçirməsi və seperatizmin kökünü tamamilə kəsə bilməsi, suverenliyini bərpa etməsi də məhz bu edilmiş məqsədyönlü islahatların və dəyişikliklərin məntiqi nəticəsidir. Zamanında Qars müqaviləsi imzalanaraq Naxçıvanın Azərbaycan tərkibində qalması təmin edilmişdisə, Şuşa bəyannaməsinin də imzalanması Azərbaycan və Türkiyə ərazi bütövlüyünün qorunub saxlanması, eyni zamanda türk dünyasının birləşməsi, inkişaf etdirilməsi və Azərbaycanın bir əsr boyunca itirdiyi nələr vardısa, onları geri qaytarması üçün əla bir zəmin oldu, əla bir platforma oldu. Bu gün də Türkiyə-Azərbaycan bütün beynəlxalq platformalarda qlobal və yerli səviyyədə həyata keçirilən layihələrdə birgə addımlayırlar. Çox sevindirici haldır ki, bu münasibətlər idarəetmənin bütün strukturlarında və bütün mərhələlərində ən yüksək səviyyəyə çatdırılıb. Bu gün Azərbaycanı Türkiyəsiz, Türkiyəni də Azərbaycansız heç kim təsəvvür etmir”.
“Biz inanırıq ki, Şuşa bəyannaməsi digər türk dövlətləri üçün də bir ilham qaynağı olacaq. Tezliklə bütün türk dövlətləri arasında Şuşa bəyannaməsi səviyyəsində anlaşma imzalanacaqdır. Türk dövlətləri təşkilatı qlobal gücə çevrilə biləcəkdir. Şuşa bəyannaməsinin ildönümü münasibətilə mən bütün Türkiyə və Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm. Şükürlər olsun ki, biz nəhayət ki, birlik və bərabərliyimizi qoruyub saxlaya bildik. Xüsusilə də, hörmətli Cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı dostluq münasibətləri xalqlarımızın və dövlətlərimizin ən yüksək səviyyədə birlikdə olmasına gətirib çıxardı. Biz inanırıq ki, bu qardaşlıq münasibəti tarix boyu davam edəcəkdir. Dünyada heç bir yerdə tayı-bərabəri olmayan Türkiyə-Azərbaycan münasibətləri həmişə hər bir dövlət üçün dövlətlərarası münasibət üçün örnək olaraq qalacaqdır” – deyə o, əlavə edib.











