media-hakan
Türkiyənin XİN rəhbəri Bakıda keçirilən AQEM sammitindən sonra iki ölkə arasındakı fikir ayrılıqlarının münasibətlərə xələl gətirməməli olduğunu bildirib
Xalq.online xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirakının yekunlarına dair açıqlamasında Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və sarsılmaz xarakter daşıdığını bildirib.
Fidanın sözlərinə görə, ayrı-ayrı məsələlər üzrə fikir ayrılıqları iki ölkə arasındakı münasibətləri zəiflətməməli, sosial şəbəkələrdə manipulyasiyalar üçün bəhanəyə çevrilməməlidir. O vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın strateji həmrəyliyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və Ankara ilə Bakı arasında əməkdaşlıq gələcəkdə də mühüm əhəmiyyət daşıyacaq.
“Biz qədim xalqıq. Öz problemlərimizi tarixi irsimizə layiq şəkildə, sivil qaydada danışıqlar masası arxasında müzakirə edə bilərik”, deyə Türkiyənin xarici işlər naziri qeyd edib.
Fidan bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı da bu məsələ müzakirə olunub. Türkiyəli nazir iki ölkə arasında möhkəm münasibətlərin qorunmasının vacibliyini vurğulayaraq, fikir ayrılıqlarının Türkiyə-Azərbaycan qardaşlığına mane olmasına imkan verilməməsinə çağırıb.
Nazirin açıqlaması Ankara ilə Bakı arasında strateji tərəfdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini bir daha önə çıxarıb. Fidanın fikrincə, mövcud məsələlər tərəflər arasında dialoq yolu ilə həll edilməli, ayrı-ayrı mübahisələr iki ölkənin münasibətlərinə və xalqlar arasındakı qardaşlıq əlaqələrinə təsir göstərməməlidir.

media-728x90banner

Bənzər xəbərlər