media-ulv
Bayraq bir millətin ruhunu, azadlıq arzusunu və dövlət müstəqilliyini təcəssüm etdirən ən müqəddəs rəmzlərdəndir. Azərbaycan xalqı üçün üçrəngli bayrağımız, sadəcə bir simvol yox, xalqımızın qürurunun, iradəsinin və azadlıq mübarizəsinin ifadəsidir. Hər dəfə bu bayraq dalğalananda, tariximizin ağrı və zəfərlərlə dolu səhifələri göz önünə gəlir, Vətən uğrunda şəhid olan igidlərin xatirəsi, xalqımızın milli ruhu bir daha canlanır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il noyabrın 9-da Nazirlər Şurasının qərarı ilə qəbul edilən üçrəngli bayraq, ilk demokratik respublikanın ideallarını ifadə edirdi. Mavi rəng türklüyümüzü və mənəvi köklərimizi, qırmızı rəng müasirlik və tərəqqiyə yönəlmiş dövlət quruculuğunu, yaşıl rəng isə islam mədəniyyətinə, mənəviyyata və torpağa bağlılığımızı təmsil edirdi. Aypara sülhün və dirçəlişin, səkkizguşəli ulduz isə Azərbaycan xalqını birləşdirən milli kimliyin işarəsinə çevrildi. Lakin azadlıq sevinci çox çəkmədi, 1920-ci ilin aprelində Cümhuriyyətin süqutu ilə bayraq endirildi. Onilliklər boyu xalqımız bu rəmzi qəlbində yaşatdı. O, kitab səhifələrində, şeirlərdə, gənclərin arzularında, diaspor evlərində gizli şəkildə qorundu və xalq yaddaşında müqəddəs nişanə kimi yaşadı.
Tarixin ədaləti isə 1990-cı ildə bərpa olundu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarı ilə üçrəngli bayraq yenidən dövlət rəmzi kimi qəbul edildi. Bu tarixi qərar yalnız bir simvolun bərpası deyildi, bu, milli özünüdərk, müstəqillik iradəsi və azərbaycançılıq ideologiyasının yenidən doğuluşu idi. Heydər Əliyevin uzaqgörənliyi sayəsində bayrağımız dövlət rəmzi kimi ucaldı və bu hadisə müstəqilliyimizin bərpasının ideoloji əsasını qoydu. Daha sonra 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının yaranması ilə üçrəngli bayraq artıq bütün ölkənin simvoluna çevrildi.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlət rəmzlərinə göstərilən ehtiram daha da dərinləşdi. Onun təşəbbüsü və siyasi iradəsi nəticəsində bayrağımız dövlətçilik ideologiyasının mərkəzinə çevrildi. Hərbi andlardan tutmuş dövlət tədbirlərinə qədər bayrağa sədaqət Azərbaycanın milli birliyinin təməl prinsipi oldu. Ulu Öndərin dediyi kimi: “Azərbaycan bayrağı Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin rəmzidir. O, hər bir azərbaycanlının qəlbində yaşamalıdır.”
Bu ənənəni uğurla davam etdirən Prezident İlham Əliyev 2009-cu ildə imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü elan etdi. Bununla da üçrəngli bayrağımızın tarixi və mənəvi anlamı dövlət səviyyəsində əbədiləşdirildi.
Bu gün bayrağımız Azərbaycan torpaqlarında qürurla dalğalanır. Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Zəngilanda və bütün Qarabağda bu bayraq ucalanda bu, təkcə hərbi və siyasi qələbə deyildi, bu, xalqın birliyinin, şəhidlərimizin qəhrəmanlığının, Vətən sevgisinin təntənəsi idi. Bayrağımız indi ölkəmizin bütün rəsmi binalarında, hərbi hissələrdə, məktəblərdə, meydanlarda dalğalanır. Amma ən önəmlisi odur ki, o, hər bir azərbaycanlının qəlbində dalğalanır. Çünki bu bayraq azad insanın, müstəqil dövlətin və qürurlu millətin rəmzidir.
Hər 9 noyabrda biz bir daha and içirik ki, bu bayraq heç vaxt yerə enməyəcək. O, keçmişin yaddaşını, bu günün gücünü və gələcəyin ümidini birləşdirir. Bayrağımıza baxdıqca biz həm ulu babalarımızın mübarizəsini, həm də azad gələcəyin məsuliyyətini görürük. Azərbaycanın üçrəngli bayrağı, milli kimliyimizin, azad düşüncəmizin və dövlət müstəqilliyimizin təcəssümüdür. Bu bayraq torpağımız üzərində əbədi dalğalanacaq. Çünki onu qoruyan xalq tarixindən, mədəniyyətindən və azadlıq ruhundan güc alan xalqdır.
Yaşasın üçrəngli bayrağımız!
Yaşasın müstəqil Azərbaycan!
Ülviyyə Həmzəyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər