Üçrəngli bayrağımız – milli qürurumuzun və müstəqilliyimizin rəmzidir
Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini və azadlıq ideallarını özündə yaşadan müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün belə rəmzlərin ən ucası üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin ahəngindən yaranan bayrağımız xalqımızın zəngin tarixini, milli-mənəvi dəyərlərini, müstəqillik əzmini və gələcəyə olan inamını təcəssüm etdirir.
9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmişdir. Bu tarixi qərar Azərbaycan xalqının müstəqillik və azadlıq arzularının, milli dövlətçilik düşüncəsinin parlaq ifadəsi idi. Təəssüf ki, Cümhuriyyətin süqutundan sonra bayrağımız bir müddət dövlət rəmzi statusunu itirdi. Lakin xalqımızın yaddaşında və qəlbində yaşamaqda davam etdi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımız yenidən dövlətçilik rəmzimizə çevrildi. 2009-cu ildə imzalanmış müvafiq sərəncamla 9 noyabr Dövlət Bayrağı Günü elan edildi.
Bayrağımızın hər bir rəngi dərin məna və fəlsəfi məzmun daşıyır. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə milli-mənəvi dəyərlərimizi və islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bu müqəddəs rəmzin mənəvi və tarixi məzmununu tamamlayır. Bu rənglərin və simvolların vəhdəti Azərbaycan xalqının milli kimliyinin, dünyagörüşünün və dövlətçilik ideallarının bütöv ifadəsidir.
Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi tariximizin ən mühüm vəzifələrindən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində ölkəmiz müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması və davamlı inkişaf yolunda mühüm nailiyyətlər əldə etmişdir. Bu gün Azərbaycan öz dövlətçilik ənənələrinə sadiq, müstəqil siyasət yürüdən və beynəlxalq münasibətlər sistemində layiqli yer tutan dövlətdir.
Üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanması xalqımızın tarixi Zəfərinin, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. Uzun illər həsrətində olduğumuz torpaqlarımızda dövlət bayrağımızın ucaldılması təkcə ərazi bütövlüyümüzün bərpasının deyil, həm də tarixi ədalətin təntənəsinin rəmzidir. Bu qələbənin əldə olunmasında misilsiz xidmətləri olan şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad edilir, qazilərimizin qəhrəmanlığı və fədakarlığı minnətdarlıqla xatırlanır.
Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya müstəqilliyimizin dəyərini, milli birliyimizin əhəmiyyətini və Vətən qarşısında məsuliyyətimizi bir daha xatırladır. Bayrağımıza hörmət və ehtiram göstərmək, onun təmsil etdiyi dəyərləri qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik ənənələrinə hörmət ruhunda yetişdirilməsində bu müqəddəs rəmzin xüsusi əhəmiyyəti vardır.
Üçrəngli bayrağımız yalnız dövlət rəmzi deyil, həm də xalqımızın qürurunun, ləyaqətinin, azadlıq eşqinin və gələcəyə inamının ifadəsidir. O, tariximizin çətin sınaqlarından keçərək bu günümüzə gəlib çatmış milli sərvətimizdir.
Qoy Azərbaycan bayrağı daim ucalarda dalğalansın, müstəqil dövlətimizin və xalqımızın başı üzərindən heç zaman əskik olmasın! Yaşasın müstəqil Azərbaycan!
Əminə Ağazadə
Milli Məclisin deputatı










