media-heyder

Azərbaycan xalqının dövlətçilik tarixində 1993-cü il xüsusi önəm daşıyan bir mərhələdir. XX əsrin sonlarında ölkəmiz böyük sınaqlarla üz-üzə qalmış, həm siyasi, həm də hərbi cəhətdən olduqca mürəkkəb bir dövr yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi arzusu olsa da, bu müstəqilliyi qoruyub saxlamaq o dövrdə heç də asan məsələ deyildi. Ermənistanın hərbi təcavüzü, daxildə hökm sürən siyasi qeyri-sabitlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirmişdi. Belə bir həssas məqamda xalqın təkidli tələbi ilə böyük dövlət xadimi Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı.

1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə müstəqil Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Çünki xalq Heydər Əliyevə yalnız bir lider kimi deyil, həm də xilaskar kimi baxırdı. Onun zəngin siyasi təcrübəsi, müdrikliyi və qətiyyətli addımları sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyin möhkəmlənməsini, hüquqi, siyasi və iqtisadi islahatların başlanmasını təmin etdi. O, ilk növbədə ölkədə sabitlik yaratmağa nail oldu. Hərbi sahədə ordunun formalaşdırılması, dövlətçiliyə sədaqətli zabit və əsgərlərin birləşdirilməsi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsasları qoyuldu. Bu, sonrakı illərdə Azərbaycanın müdafiə gücünün möhkəmlənməsi baxımından həlledici addım idi.
Eyni zamanda, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanındı. Neft strategiyası ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcək nəsillərin firavanlığı üçün də mühüm əsaslar yaratdı.

Heydər Əliyevin dövlət quruculuğu istiqamətində gördüyü işlər Azərbaycanı müasir, demokratik, hüquqi dövlət kimi formalaşdırdı. Onun rəhbərliyi ilə qəbul edilən yeni Konstitusiya, dövlət idarəçiliyində həyata keçirilən islahatlar, insan hüquq və azadlıqlarının təminatı müstəqil Azərbaycanın sabit inkişaf yoluna çıxmasını şərtləndirdi.

3 oktyabr 1993-cü il hadisəsi təkcə siyasi hakimiyyət dəyişikliyi deyildi. Bu, xalqın müdrik seçimiydi və Azərbaycan dövlətçiliyinin gələcəyini müəyyənləşdirən mühüm tarixi dönüm nöqtəsi idi. Heydər Əliyev Azərbaycanın milli maraqlarını qoruyaraq ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, müstəqilliyi dönməz etdi və gələcək inkişaf üçün möhkəm zəmin hazırladı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət də Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun məntiqi davamıdır. Deməli, 3 oktyabr 1993-cü il hadisəsinin əhəmiyyəti yalnız həmin dövr üçün deyil, həm də müasir Azərbaycanın bugünkü uğurları üçün həlledici məna daşıyır.

3 oktyabr 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixində xilaskarlıq missiyası ilə yadda qalmışdır. Bu tarixi hadisə müstəqil dövlətimizin sabitliyi, inkişafı və gələcək uğurları üçün ən mühüm əsaslardan biri olmuşdur.

media-amina

Əminə Ağazadə
Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər