Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Sabah doğum gününü qeyd edəcək deputat yüksək dövlət təltifi ilə bağlı təəssüratlarını bölüşüb.
XALQ.AZ Ülvi Quliyevin Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktubunu təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Yüksək təltifə və ali diqqətinizə görə dərin minnətdarlığımı qəbul etmənizi xahiş edirəm. Bu təltif mənim üçün çox dəyərli və qürurvericidir, çünki Sərəncamda Sizin – çoxəsrlik tariximizin görkəmli dövlət xadiminin, Müzəffər Ali Baş Komandanın imzası dayanır.
Hörmətli cənab Prezident,
Azərbaycanın idman ölkəsi kimi tanınmasında Sizin müstəsna xidmətləriniz danılmazdır. Yeniyetmə və gənclərin bədən tərbiyəsinə və peşəkar idmana ilbəil artan marağının təməlində Sizin həyata keçirdiyiniz ardıcıl dövlət siyasəti dayanır. İdmanın istər fərdi, istərsə də komanda növlərində böyük uğurların əldə olunmasında idmançılara göstərilən dövlət qayğısının əhəmiyyəti inkarolunmazdır. Onlardan biri kimi bənzərsiz diqqət və qayğını idman həyatımda mən də yaşamışam.
Möhtərəm cənab Prezident,
Peşəkar idmanla bağlı fəaliyyətimin ardınca ictimai-siyasi fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə bir daha Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bilirəm ki, haqqımda imzaladığınız Sərəncam qürurverici olduğu qədər üzərimə həm də böyük məsuliyyət qoyur. Sizi əmin edirəm ki, göstərdiyiniz ali diqqəti əməli fəaliyyətimdə doğrultmaq üçün səy və bacarığımı əsirgəməyəcəyəm”.
16:00
Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.










