Ülviyyə Həməzyeva yazır: Suverenliyin tam bərpasına aparan yol
Azərbaycanın 2023-cü il 19–20 sentyabr tarixli Antiterror Əməliyyatı – Suverenliyin Tam Bərpasına aparan yol oldu.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində gərginlik yeni mərhələyə qədəm qoydu. Əhmədbəyli – Füzuli – Şuşa yolunda quraşdırılmış minaların partlaması mülki şəxslərin və hərbi qulluqçuların şəhid olmasına səbəb oldu. Eyni zamanda Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Bunun ardınca Azərbaycan Silahlı Qüvvələri konstitusiya quruluşunun bərpası və qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatına başladı.
Cəmi 23 saat davam edən əməliyyat çətin relyef və uzun illər ərzində qurulmuş istehkamların mövcudluğuna baxmayaraq, yüksək dəqiqlikli silahların tətbiqi ilə uğurla həyata keçirildi. Azərbaycan Ordusu bütün istiqamətlərdə sürətli irəliləyiş əldə etdi, düşmənin yüzlərlə hərbi texnikası məhv edildi və minlərlə silah-sursat ələ keçirildi. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Azərbaycanın tam nəzarətinə keçdi.
Əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları təslim oldu, ağır texnika və silahlar təhvil verildi. Qarabağdakı separatçı rejim ləğv edildi, rəhbərləri həbs edildi. Beləliklə, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.
Azərbaycan tərəfi əməliyyatın əvvəlindən mülki əhalinin zərər görməməsi üçün xüsusi tapşırıqlar verdi. Erməni sakinlər SMS-lər, vərəqələr və səsgücləndirici vasitələrlə xəbərdar edildi. Qadınlar, uşaqlar, qocalar və xəstələrə tibbi yardım göstərildi, yaşayış məntəqələrinin qorunması təmin olundu. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyinin bariz nümunəsi oldu.
Əməliyyatdan dərhal sonra Qarabağdakı erməni icmasının nümayəndələri Azərbaycanın dəvətini qəbul edərək Yevlaxda görüşməyə məcbur oldular. Burada reinteqrasiya məsələləri müzakirə olundu, erməni sakinlərinə Azərbaycanın təklifləri təqdim edildi. Sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma qurumun ləğvi haqqında sənəd imzaladı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının və tarixi Zəfərin rəmzinə çevrildi.
19–20 sentyabr 2023-cü il tarixli lokal antiterror əməliyyatı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. İkinci Qarabağ müharibəsindən sonra qalan separatizm cəhdlərinə son qoyuldu, dövlətin suverenliyi tam təmin edildi. Bu Zəfər Azərbaycan xalqının birliyi, dövlətin qətiyyəti və Ordunun peşəkarlığının parlaq göstəricisi kimi yaddaşlara həkk olundu.
Ülviyyə Həməzyeva
Millət vəkili