media-977
Milli Məclisin bu günkü plenar iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanunun lahiyəsinin müzakirəsi zamanı çıxışım.
Hörmətli xanım sədr!  Hörmətli həmkarlar, hökümət üzvləri, mediya nümayəndələri.
Azərbaycan Respublikası 2026-cı il dövlət büdcəsi haqqında qanunun lahiyəsinə səs verəcəyəm. Ölkəmizin növbəti il üçün hazırlanmış dövlət büdcəsində əvvəlki illərlə müqayisədə hər bir sahəyə artımların olduğu diqqətə çarpır.
Büdcə layihəsinin hazırlanmasında əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.
Ötən müddət ərzində ölkəmiz dinamik inkişaf etmiş, həyatın bütün sahələrində nəzərəçarpan nailiyyətlər olmuşdur.
Prezident cənab İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümündə çıxışında qeyd etdi ki, “vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Zəfərimizin əsas amillərindən biridir”. Bu fikir bu gün də dövlət siyasətimizin mənəvi dayağıdır.
2026-cı il büdcəsini müzakirə edərkən hesab edirəm ki, gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi rolu olan yaradıcı təşkilatlara maliyyə dəstəyinin davam etdirilməsi və artırılması vacibdir. Teatr, kino, ədəbiyyat, incəsənət birlikləri, gənc rəssam və yazıçıların birləşdiyi mədəniyyət ocaqları, fondlar təkcə mədəni deyil, həm də ideoloji missiya daşıyır — gənclərin milli kimlik, dövlətçilik və Vətən sevgisi ilə formalaşmasına xidmət edir.
Bu təşkilatların fəaliyyəti regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yenidən qurulan mədəni mühitdə genişlənməlidir. Bu gün azad olunmuş torpaqlarda keçirilən sərgilər, musiqi festivalları, gənclərin iştirakı ilə plener və teatr layihələri mədəni dirçəlişlə yanaşı, milli ruhun yenidən doğuluşuna təkan verir. Məhz buna görə, yaradıcı gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların dövlət proqramlarında aktiv iştirakına şərait yaradılması strateji əhəmiyyət daşıyır.
Həmçinin qədim maddi mədəniyyət qalıqlarını öyrənən, insanlığın uzaq keçmişini maddi mənbələr vasitəsilə araşdıran arxeoloji qazıntılara və onların da maddi bazasının güclənməyə ehtiyac olduğunu vurğulamaq istəyirəm.
Bu istiqamətdə ayrılan vəsaitlər sadəcə xərcləmə maddəsi deyil, milli-mənəvi sərmayədir. Gənclik milli ruhla, yaradıcı düşüncə ilə formalaşdıqca, dövlətimiz daha da güclənəcək.
Hörmətli xanım sədr!
Seçildiyim Babək – Naxçıvan – Culfa bölgələrində hər təbəqədən çalışan insanlarımız var və qəti olaraq deyə bilərəm ki, xalqımız Prezidentimizin, həm Milli Məclisin vətəndaşların rifahına yönələn yenilikləri dəstəkləyir və inanır.
Təbii ki, bizim regionda da bəzi çətinliklər var və mən inanıram ki, aparılan dəyişikliklərdən sonra onlar da öz həllini yaxın zamanlarda tapılacaq.
Fürsətdən istifadə edərək, hökümət üzvlərinə də işlərimizin həlli istiqamətində bizə köməklikləri üçün təşəkkür edirik.
Ülviyyə Həmzəyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı.

media-728x90banner

Bənzər xəbərlər