media-ulvi
Ağdam Azərbaycanın tarixində, mədəniyyətində və qəhrəmanlıq salnaməsində mühüm yer tutur. Bu şəhər təkcə bir coğrafi məkan deyil, həm də xalqımızın iradəsinin, dözümünün və yenilməzliyinin rəmzidir.
“Ağdam” qədim türk dilində “kiçik qala” deməkdir. Adı kiçik qala olsa da, bu şəhər bizim üçün çox böyük önəm daşıyır. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın burada ağ daşdan tikdirdiyi imarət şəhərə ad qazandırmışdır.
1930-cu ildə yaradılan Ağdam rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Eneolit dövrünə aid tapıntılar burada qədim mədəniyyətin və əkinçiliyin inkişaf etdiyini sübut edir.
1993-cü ilin iyulunda Ağdamın 73 faizi Ermənistan tərəfindən işğal olundu. 128 min nəfər doğma yurdunu tərk etməyə məcbur qaldı, şəhər yerlə-yeksan edildi. BMT-nin 853 saylı qətnaməsinə baxmayaraq, Ermənistan uzun illər işğala son qoymadı.
Ağdam “Qafqazın Xirosiması” adlandırılaraq erməni vandalizminin simvoluna çevrildi.
2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat nəticəsində 20 noyabrda Ağdam rayonu Azərbaycana qaytarıldı. Bununla Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu.
Bu gün Ağdam yenidən qurulur. “Ağdam şəhərinin 2040-cı ilədək Baş planı”na əsasən burada 100 min insanın yaşayacağı müasir şəhər salınır. Ağdam Sənaye Parkı, Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi, məktəblər və yaşayış binaları yeni həyatın rəmzidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa və quruculuq işləri nəticəsində Ağdam yenidən dirçəlir. “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailə doğma torpağına qayıdır.
Bu gün Ağdam təkcə dağıdılmış bir şəhərin deyil, həm də bərpa olunmuş ümidin, azadlığın və milli qürurun simvoludur.

media-728x90banner

Bənzər xəbərlər