media-ulvi
Azərbaycanın mədəniyyət siyasəti, onun tarixi kökləri və müasir mərhələsi, sadəcə incəsənətə münasibətin deyil, dövlətçilik fəlsəfəsinin də tərkib hissəsidir. Bu fəlsəfənin əsasında isə bir amil dayanır: mədəniyyət – xalqın yaddaşıdır. Ağdam Muğam Mərkəzinin açılışı bu yaddaşın dirçəlişi, zəfərimizin estetik və mənəvi ifadəsi, mədəni qayıdışın rəmzidir.
media-001
Azərbaycan xalqının mədəniyyətə, incəsənətə münasibəti hər zaman yüksək olmuşdur. Lakin müstəqillik dövründə bu münasibət strateji dəyərə çevrilmişdir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin siyasəti həlledici mərhələ təşkil edir. O, dəfələrlə vurğulayırdı ki, “Mədəniyyət – xalqın ruhudur”. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti beynəlxalq məkanda tanıdılır, mədəni irsin qorunması, inkişafı üçün hüquqi və institusional baza yaradılırdı. Muğam sənətinə dövlət səviyyəsində verilən dəyər də məhz bu mərhələdə sistemli xarakter aldı.
media-004
Bu siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi. Zəngin irsin qorunması, müasir mədəniyyət infrastrukturunun qurulması, yaradıcı insanların fəaliyyətinə verilən dəstək Azərbaycanın mədəni həyatında yeni bir mərhələ başlatdı. Əgər Ulu Öndər bu sahədə təməl qoymuşdusa, Prezident İlham Əliyev bu təməllər üzərində dirçələn Azərbaycan mədəniyyətinin müasir modelini yaratdı. Dövlət başçısının siyasi iradəsi nəticəsində mədəniyyət sahəsi strateji prioritet kimi qiymətləndirilmiş, mədəniyyət siyasətinin icrası ən yüksək səviyyədə təmin edilmişdir. Xüsusilə azad edilmiş ərazilərdə mədəniyyət infrastrukturunun sıfırdan qurulması, yeni muzeylərin, incəsənət ocaqlarının və təhsil müəssisələrinin yaradılması bu sahəyə göstərilən diqqətin miqyasını göstərir. Qarabağ və Şərqi Zəngəzurda mədəni dirçəlişin hər mərhələsində ölkə Prezidentinin iştirakı bu prosesin siyasi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.
media-002
Muğam – sadəcə musiqi növü deyil. Bu, xalqımızın fəlsəfi düşüncəsinin, hiss və hikmətinin səsə çevrilmiş formasıdır. UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına daxil edilmiş Azərbaycan muğamı bizim dünyaya təqdim etdiyimiz mədəniyyət brendimizdir. Bu sənətin qorunması və yayılması istiqamətində görülən işlər milli-mənəvi dəyərlərə verilən strateji önəmin bariz göstəricisidir.
Muğamın dövlət səviyyəsində təbliğ və inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri müstəsnadır. Onun rəhbərliyi ilə keçirilən beynəlxalq muğam festivalları, muğam müsabiqələri, “Muğam Televiziya Müsabiqəsi” və bölgələrdə inşa edilən Muğam Mərkəzləri bu sənətin yeni nəsillərə ötürülməsi üçün sistemli mexanizmlər formalaşdırmışdır. Bu fəaliyyətlər, sadəcə mədəni tədbir xarakteri daşımır, eyni zamanda ölkənin yumşaq güc potensialının bir hissəsidir. Fondun fəaliyyəti nəticəsində Azərbaycan muğamı yalnız milli sərvət deyil, həm də beynəlxalq səviyyədə qəbul edilən mədəni dəyər kimi tanınmaqdadır.
2020-ci ilin 44 günlük Vətən müharibəsi təkcə torpaq deyil, mədəni suverenliyimizin də bərpası idi. İşğal zamanı təkcə şəhərlər deyil, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar, muzeylər, mədəni irs nümunələri də sistemli şəkildə məhv edilmişdi. Bu, təkcə fiziki deyil, mədəni soyqırımı – urbisid idi. Bu gün isə bərpa olunan hər bir məktəb, hər bir ev və hər bir mədəniyyət ocağı, əslində Azərbaycanın öz kimliyinə, ruhuna qayıdışıdır. Dövlətin apardığı ardıcıl siyasət nəticəsində Qarabağda həyata keçirilən mədəni layihələr sadəcə bərpa deyil, həm də yeni mərhələnin başlanğıcıdır. Ölkə Prezidentinin rəhbərliyi altında mədəniyyətlə bağlı fəaliyyətlər Azərbaycanın mənəvi sərhədlərinin də qorunduğunu sübut edir.
media-003
Ağdam şəhəri bu baxımdan xüsusi simvoldur. Vətən müharibəsindən sonra aparılan bərpa və quruculuq işləri nəticəsində Ağdam yenidən dirçəlir. Bu dirçəlişin mədəniyyət simvolu isə Muğam Mərkəzidir. Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında etdiyi çıxışda bu hadisənin Heydər Əliyevin doğum günü – mayın 10-da keçirilməsini dərin rəmzi mənası ilə izah etdi: bu, Ulu Öndərin ideyalarının azad torpaqda gerçəyə çevrilməsi idi. Dövlət Başçısının bu çıxışı bir daha göstərdi ki, dövlət başçısı mədəniyyətin siyasi güc kimi təsir imkanlarını dərindən qiymətləndirir və bu sahəyə xüsusi diqqət ayırır. Eyni zamanda, Prezidentin çıxışında vurğulanan milli birlik və həmrəylik ideyası, mədəniyyətin ictimai şüurun formalaşmasında mühüm rol oynadığını təsdiq edir.
Yeni açılmış Ağdam Muğam Mərkəzi sadəcə konsert məkanı deyil. Bu mərkəz Qarabağda muğamın yeni nəfəsidir, gənc nəsillərin milli ruhda yetişməsi üçün bir məktəbdir. 474 nəfərlik konsert zalı, 15 dərs otağı, rəqs və kino zalları, kitabxana və 615 yerlik açıq amfiteatr – bütün bunlar mədəniyyətin canlı şəkildə yaşaması üçün yaradılmış unikal imkanlardır. Mərkəz yalnız Ağdamın deyil, bütün regionun mədəni həyatında mühüm rol oynayacaq, yaradıcı gənclər üçün yeni imkanlar yaradacaq.
media-005
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır və bunu təkcə hərbi yox, mədəniyyət sahəsində də sübut edirik. Bəli, biz dağıdan yox, qurub-yaradan xalqıq. Bu ruh, bu əzmkarlıq, bu iradə gələcək nəsillərə ötürüləcək ən dəyərli mirasdır. Bu yanaşma, eyni zamanda mədəniyyətin dövlət ideologiyasının ayrılmaz parçası kimi qəbul edildiyini nümayiş etdirir. Bu gün aparılan siyasət bir daha sübut edir ki, Azərbaycanın mədəniyyət siyasəti milli təhlükəsizlik strategiyasının da əsas elementlərindən biridir.
Ağdam Muğam Mərkəzinin açılışı mədəni zəfərin təntənəsidir. Bu zəfər mədəniyyətimizin əyilməzliyinin, dövlət siyasətinin ardıcıllığının, xalqımızın ruhunun təntənəsidir. Bu gün Qarabağda muğam səslənirsə – deməli, biz təkcə torpağa deyil, mənəviyyata da sahib çıxmışıq. Qarabağın bərpası yalnız fiziki deyil, eyni zamanda mənəvi qayıdışın da təcəssümüdür. Prezident İlham Əliyevin liderliyi ilə bu prosesin uğurla icrası, Azərbaycanın mədəni-siyasi inkişaf modelinin nə qədər düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.
Ülviyyə Həmzəyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı.

media-728x90banner

Bənzər xəbərlər