media-ulvi
18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü
Azərbaycan tarixində elə günlər var ki, həmin tarixlər millətin yaddaşına azadlıq, iradə və qürur simvolu kimi həkk olunub. 18 oktyabr 1991-ci il də belə günlərdəndir. Həmin gün Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqın azadlıq iradəsini rəsmiləşdirdi. Bu sənədlə Azərbaycan XX əsrin əvvəlində mövcud olmuş Xalq Cümhuriyyətinin varisi kimi yenidən müstəqil dövlət statusunu bərpa etdi.
Müstəqilliyin bərpası xalqın yüz illərlə çəkdiyi əzabların, mübarizələrin və milli oyanış proseslərinin nəticəsi idi. 70 illik sovet dönəmindən sonra Azərbaycan xalqı bir daha öz taleyinin sahibi oldu, milli rəmzlərini, dili və mədəniyyətini dövlət səviyyəsində qorumaq hüququ qazandı. Bu, sadəcə bir siyasi sənədin imzalanması deyil, tarixin dönməz istiqamət alması idi.
Lakin azadlıq asan başa gəlmədi. İlk illərdə ölkə iqtisadi çətinliklər, müharibə təhlükəsi və siyasi qeyri-sabitliklə üz-üzə qaldı. Dövlətin dayaqları sarsılır, insanlar sabaha inamla baxmaqda çətinlik çəkirdilər. Məhz bu ağır dövrdə xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Onun uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi və milli iradəyə söykənən idarəetmə prinsipləri sayəsində müstəqillik qorundu və möhkəmləndi.
Bugünkü müstəqil Azərbaycan həmin illərdə atılmış təməl üzərində yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub, müstəqillik anlayışı təkcə siyasi deyil, iqtisadi, hərbi və mənəvi baxımdan da dərin məna qazanıb. Azərbaycan artıq enerji, nəqliyyat və təhlükəsizlik sahələrində regionun liderinə çevrilib, sözünü qətiyyətlə deyən, iradəsini diktə edən dövlət kimi tanınıb.
2020-ci ildə qazanılan böyük Zəfər isə bu müstəqilliyin ən parlaq təsdiqi oldu. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi xalqımızın yüzillik arzularını gerçəkləşdirdi, dövlətin suverenliyini tam bərpa etdi. Bu qələbə göstərdi ki, müstəqillik sadəcə hüquqi sənəd deyil, canlı iradə, milli birliyin və liderliyin təcəssümüdür.
18 oktyabr bu gün hər bir azərbaycanlının qəlbində qürur və minnətdarlıq hissi doğurur. Bu tarix keçmişə hörmət, bu günə dəyər, gələcəyə inam günüdür. Müstəqilliyimizi qorumaq, onu gələcək nəsillərə daha güclü şəkildə ötürmək isə hər birimizin vətəndaşlıq borcudur.
Ülviyyə Həmzəyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər