media-55

 

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfirlik tərəfindən Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 nömrəli gimnaziyada tədbir keçirilmişdir.
Tədbir səfir Lətif Qəndilovun, səfirlik əməkdaşlarının və məktəb kollektivinin məktəbin foyesində ucaldılmış Heydər Əliyevin büstü önünə gül dəstələri qoyması ilə başlamışdır.

Sonra səfir və səfirliyin əməkdaşları məktəbin 5-ci və 7-ci siniflərində “Heydər Əliyev” və “Lider kimdir?” mövzularında təşkil olunmuş açıq dərslərdə iştirak etmişlər.

Daha sonra gimnaziyanın şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş musiqili-bədii konsert keçirilmişdir. Məktəbin direktoru Kanıkey Alımkılova giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, Heydər Əliyevin doğum günü bu məktəbdə xüsusi əhəmiyyət daşıyan gündür. Məktəbin müəllim və şagirdləri bu günə xüsusi hazırlaşır, bu günlərdə H. Əliyevə və Azərbaycan–Qırğızıstan dostluğuna həsr olunmuş dərs saatları, viktorinalar, rəsm sərgiləri təşkil olunur, şagirdlər şeirlər, mahnılar və milli rəqslər hazırlayırlar. O, qeyd etmişdir ki, bütün bunlar şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərir və məktəbin şagirdləri Heydər Əliyevin xarakter və xüsusiyyətlərini öyrənərək özlərini ona bənzətməyə çalışırlar.

Sonra səfir L. Qəndilov çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolu barədə şagirdlərə geniş məlumat vermişdir. O, məktəbdə təşkil olunmuş rəsm sərgisi və “Lider kimdir?” mövzusunda keçirilmiş açıq dərsə görə razılığını bildirərək, Heydər Əliyevin liderlik xüsusiyyətləri, vətən sevgisi, uşaqlara və gənclərə münasibəti barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Səfir məktəb kollektivi və şagirdlər tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əziz tutulmasına görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu, çox təbiidir, çünki bizim xalqlarımız bir ailənin üzvləridir.

Tədbir məktəblilərin ifasında rəqs, mahnı və hər iki dildə səsləndirilən şeirlərlə davam etmişdir.

Tədbirdə səfirliyin əməkdaşları, Qırğızıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Akif Alaferdov və digər qonaqlar iştirak etmişlər.

Qeyd olunan tədbir Qırğızıstanın «Вечерный Бишкек» qəzetində və CBC TV-də geniş şəkildə işıqlandırılmışdır.

media-22 media-23 media-24 media-25 media-26 media-27 media-28 media-29


media-728x90banner

Bənzər xəbərlər