media-jalee

Bu gün dünyada Beynəlxalq Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda da uşaqların müdafiəsi, hüquqlarının qorunması, onlara diqqət və qayğının göstərilməsi, onların fiziki və mənəvi cəhətdən inkişafı daim prioritet məsələlərdən biri olmuşdur. Uşaqların müdafiəsi Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva   açıqlamasında deyib ki, uşaqların müdafiəsi və xoşbəxt gələcəyin təminatı Azərbaycanın dövlət prioritetidir: “Hər il iyunun 1-i dünyada olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar gün cəmiyyətin diqqətini uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsinin təmin edilməsinə yönəldir. Azərbaycan dövləti müstəqillik illərindən etibarən uşaqların rifahını, təhsilini, sağlamlığını və hərtərəfli inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Uşaqlar hər bir xalqın gələcəyidir”.

Deputat vurğulayıb ki, Azərbaycanın gələcəyinin etibarlı əllərdə olması üçün dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir:

“Uşaqların hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazası daim təkmilləşdirilir, onların sosial müdafiəsinin gücləndirilməsi, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışının genişləndirilməsi istiqamətində mühüm layihələr reallaşdırılır”.

 

J.Əliyeva söyləyib ki, bu gün Azərbaycanda uşaqların hüquqlarının qorunması sahəsində bir sıra məsələlər prioritet istiqamət kimi müəyyən olunub: “İlk növbədə, hər bir uşağın keyfiyyətli təhsil almaq hüququnun təmin edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir. Son illərdə ölkənin müxtəlif bölgələrində yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və müasir texnologiyalarla təchiz olunması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Uşaqların sağlamlığının qorunması da xüsusi diqqət mərkəzində saxlanılır. Müasir tibb müəssisələrinin yaradılması, profilaktik tədbirlərin genişləndirilməsi, ana və uşaq sağlamlığı proqramlarının həyata keçirilməsi uşaqların sağlam böyüməsinə xidmət edir. Eyni zamanda, sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısı daha da gücləndirilir. Şəhid ailələrinin, müharibə iştirakçılarının övladlarına, valideyn himayəsindən məhrum olmuş uşaqlara və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dəstək proqramları bunun mühüm göstəricisidir”.

Milli Məclisin üzvü həmçinin bildirib ki, Azərbaycanın gələcək planlarında da uşaqların rifahı xüsusi yer tutur: “Rəqəmsal təhsilin genişləndirilməsi, inklüziv təhsil imkanlarının artırılması, uşaqların kibertəhlükələrdən qorunması, erkən inkişaf proqramlarının genişləndirilməsi və uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, uşaqların yaradıcılıq və innovasiya potensialının inkişaf etdirilməsi üçün müxtəlif mərkəzlərin və proqramların fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Azərbaycan cəmiyyəti üçün hər bir uşağın xoşbəxtliyi, sağlamlığı və təhlükəsizliyi böyük əhəmiyyət daşıyır. Dövlətin həyata keçirdiyi sosial siyasət göstərir ki, uşaqlara qayğı yalnız bir günün deyil, hər günün prioritetidir. Çünki bu günün uşaqları sabahın alimləri, müəllimləri, həkimləri, mühəndisləri və dövlət xadimləridir. Uşaqların gülüşü Azərbaycanın sabahına işıq saçan ən qiymətli sərvətdir”.


media-728x90banner

Bənzər xəbərlər