Azərbaycan Respublikası Vergilər Nazirliyinin Təlim Mərkəzində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Milli Vergi Agentliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları üçün Koreyada təşkil etdiyi 14 günlük təlim kursunun nəticələrinə həsr olunmuş Bilik Mübadiləsi Seminar keçirilib.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən  verilən məlumata görə, bildirilib ki, avqustun 19-dan sentyabrın 1-dək Koreyanın Sonnam şəhərində “Vergi inzibatçılığı təcrübəsi üzrə potensialın gücləndirilməsi-Koreya vergi sisteminin müqayisəli öyrənilməsi” mövzusunda təlim kursu keçirilib.

Təlimdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar, Hüquq, Vergi risklərinin təhlili və nəzarəti, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi, Daxili təhlükəsizlik, Ərazi vergi orqanları ilə iş üzrə departamentilərinin, İnformasiya Texnologiyaları Mərkəzinin, və Tədris Mərkəzinin əməkdaşlarından ibarət 17 nəfərlik nümayəndə heyəti iştirak edib.

Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən seminarda Koreyanın vergi inzibatçılığı sahəsində təcrübəsi geniş müzakirə olunub. Vergilər Nazirliyi yanında Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov təqdimatla çıxış edərək bildirib ki, “Vergi inzibatçılığı üzrə potensialın artırılması Proqramı” çərçivəsində Koreyada keçirilən təlim kursu Milli Vergi Xidmətinin (KNTS) strukturu və yeniliklər, Yeni nəsil vergi adminstrasiyaları Sistemi, KTNS-in əsas funksiyaları və gələcək inkişafı, mənfəət və ƏDV, xarici şirkətlərin vergitutma bazasının idarə olunması, elektron vergi invoysu, Ümumi gəlir vergisi və Ümumi gəlir bəyannamələrinin idarə olunması da daxil olmaqla 10-dan çox mövzunu əhatə edib. Koreyanın vergi inzibatçılığı və korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübəyə malik olduğunu deyən Malik Əkbərovun sözlərinə görə, kommersiya banklarının milliləşdirilməsi, texnokrtatlardan ibarət İqtisadi Planlaşdırma Şurasının yaradılması, beşillik inkişaf planlarının tətbiq olunması, xarici investisiyalara ciddi güzəştlər Koreya iqtidadiyyatının sürətli inkişafını təmin edən əsas amillər sırasındadır.

Malik Əkbərov Koreya vergi sisteminin özəlliklərindən də danışıb. O qeyd edib ki, 2007-ci ildən Koreyada muzdlu işdən gəlir vergisi üzrə kredit sistemi tətbiq olunur. 2015-ci ildən isə bu cür güzəştlər aşağı gəlirli vergi ödəyicilərinə də şamil olunur. Həmçinin fərdi sahibkarlar da gəlir vergisindən güzəşt hüququna malikdir. Gəlirlərlə şərtlənən borcların geri qaytarılması strukturuna tələbə borclarının geri qaytarılmasının idarə olunması da daxildir.

Koreyadakı vergi sisteminin özəlliklərindən biri də vergi bəyannamələrinin təqdim olunması ilə bağlıdır. Belə ki, əvvəllər vergi auditi təqdim olunmuş bəyannamənin təsdiq olunması üzərində fokus olunurdusa, hazırda bəyannamələrin təqdim olunmasından əvvəl dəstək təqdim edilir. Koreyada vergitutma mexanizmlərinin Azərbaycandakından əhəmiyyətli dərəcədə fərqləndiyini deyən Malik Ələkbərovun

fikrincə, bu fəqlilik mənfəət vergisinin tətbiqində və vergi bəyannəmalərinin tərtib olunmasıda özünü daha çox göstərir. Belə ki, illik gəliri 200 milyon KRW-dək (200 milyon Koreya vonu (KRW) 200 min ABŞ dolları dəyərindədir) vergi ödəyiciləri üçün 10 faiz, 200 milyon -20 milyard KRW (200 min dollardan 20 milyon dollaradək) 20 faiz, 20 milyard KRW-dən (20 milyon dollar) çox olan məbləğə 22 faiz, 300 milyard KRW-dən (300 milyon dollar) çox olan məbləğə isə 25 faiz mənfəət vergisi tətbiq olunur. Koreyada mənfəət vergisi bəyannaməsinin iki formatı var, iri şirkətlər üçün ikinci formatın seçilməsi məcburidir. Tətbiq edilən maliyyə sanksiyaları yol verilən qanun pozuntusunun qəsdən və ya bilməyərəkdən törədilməsindən asılıdır.

Vergilər Nazirliyi yanında Tədris Mərkəzinin kafedra müdiri İmran Qarayev isə Koreyada kiçik və orta sahibkarlıq fəaliyyətinin stimullaşdırılması mexanizmlərindən, bu sahəyə tətbiq olunan vergi güzəştlərindən danışıb. O, qeyd edib ki, Koreyanın vergi siyasətində kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki,kiçik və orta sahibkarlıq fəaliyyətindən toplanan vergilərin dövlət büdcəsindəki payı yüksək faizlərlə ifadə olunur.

Təqdimatlardan sonra seminar sual-cavab və müzakirələr əsasında davam etdirilib. Seminarda dinləyici qismində çıxış edən Vergilər Nazirliyinin müxtəlif departamentindən olan mütəxəssilər qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmaq imkanı qazanıb. Qeyd olunub ki, Koreyanın vergi siyasəti və inzabatçılığı, habelə müasir texnoloji yeniliklərin tətbiqi sahəsində qazandığı təcrübənin öyrənilməsi Azərbaycanın vergi əməkdaşları üçün böyük faydalar verə bilər.

Orxan

media-728x90banner

Bənzər xəbərlər