Viza prosedurları sadələşdirilir -Sərəncam
Avqustun 10-da Prezident İlham Əliyev 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu sənədin 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Formula 1 yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, yarışla əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.
Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Formula 1 yarışı ilə əlaqədar respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.










