Xaçmazda 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub
Xaçmaz rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, ağsaqqallar, ziyalılar və gənclər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan gəncliyinin inkişaf yolu, dahi şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə görüşlərinə dair videoçarx nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Gənclər ölkənin ictimai və mədəni həyatında fəallıqları ilə seçilir, dövlətimizin inkişafına mühüm töhfələr verirlər. Elnur Rzayev həmçinin vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahədə, xüsusilə gənclərin rifahının yüksəldilməsi, təhsil, idman və sağlamlıq istiqamətlərində gördüyü işlər gənclər üçün geniş imkanlar yaradır.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edərək, onların vətənpərvərlik ruhunun gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
Xaçmaz Rayon Gənclər və İdman Sektorunun müdiri Elman Məmmədov, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev, Vətən müharibəsi qazisi Şirin Ramizov və gənc müəllim Jalə Məmmədova gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təmin olunması istiqamətində yaradılan imkanlardan danışıblar. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən və müxtəlif sahələrdə çalışan bir qrup gənc Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıb.


































