Xaçmazda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Xaçmaz rayonunda Milli Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün – oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilib. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində yenilənib, maddi-texniki bazası möhkəmləndirilib, əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün zəruri tədbirlər həyata keçirilib.
Xaçmaz rayon prokuroru Rəşad Məmmədov ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb.
Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıblar.