Xaçmazda şairə Firuzə Məmmədlinin yubileyi qeyd olunub
AYB Həmkarlar İttifaqının sədri, şair Firuzə Məmmədlinin 85 illik yubileyi qeyd olunub
Xaçmaz şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şair, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri Firuzə Məmmədlinin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar, onun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında Xaçmazın görkəmli şəxsiyyətlərinin, istedadlı insanlarının Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat tarixində mühüm rol oynadığını diqqətə çatdırıb. O, belə şəxsiyyətlərdən birinin də istedadlı şair, professor Firuzə Məmmədli olduğunu bildirib.
Qeyd olunub ki, Firuzə Məmmədli yalnız şair kimi deyil, həm də prezident təqaüdçüsü, dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın tanınmış elm adamlarındandır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Əməkdar jurnalist Azər Həsrət, “Ulduzlar” ədəbi məclisinin sədri Fərzəli Ziyanur və digər çıxış edənlər Firuzə Məmmədlinin həyat və yaradıcılığından, zəngin ədəbi irsindən danışıblar, onun Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbirdə bildirilib ki, Firuzə Məmmədli 1940-cı ildə Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. O, bir sıra dərs vəsaitlərinin, metodik tövsiyə və proqramların müəllifidir.
Tədbirin bədii hissəsində şairin qələmə aldığı şeirlər səsləndirilib, mahnılar ifa olunub.