Xaçmazda sel sularının yaratdığı fəsadlar aradan qaldırlır
Sel suları Nabranda fəsadlar yaradıb
Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağan güclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndində ciddi fəsadlar yaranıb.
Sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kənd yollarına xeyli ziyan vurub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların rəhbər şəxsləri hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüşüb, operativ tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verib.
Hazırda ərazidə xilasetmə və bərpa işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri, kommunal xidmət işçiləri və yerli icra strukturları birgə fəaliyyət göstərərək suyun çəkilməsi, yolların təmizlənməsi, zərər çəkmiş evlərdə və obyektlərdə ilkin bərpa işlərini aparırlar.
Həmçinin İstisu qəsəbəsində 150-dən çox fərdi yaşayış evi sel sularından ciddi zərər görüb, icra başçısı təbii fəlakətdən zərərçəkmiş sakinlərlə görüşüb
Aprelin 4-ü və 5-də aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun bir çox yaşayış məntəqələrində, o cümlədən İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi ciddi zərər görüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təbii fəlakətdən zərərçəkmiş İstisu qəsəbəsi sakinləri ilə görüşüb. Görüş zamanı vətəndaşların müraciət, təklif və tövsiyələri dinlənilib, mövcud vəziyyət yerində araşdırılıb.
İcra başçısı tərəfindən fəsadların operativ şəkildə aradan qaldırılması, zərərçəkmiş sakinlərə lazımi köməkliyin göstərilməsi və aidiyyəti tədbirlərin görülməsi məqsədilə Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinə, eləcə də müvafiq xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
****
Sel sularının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb
Aprelin 4-ü və 5-də Xaçmaz rayonuna yağan güclü, leysan xarakterli yağışlar Niyazoba və ətraf kəndlərdə bir sıra fəsadlar yaradıb. Rayon ərazisindən keçən çayların məcrasından çıxması nəticəsində Niyazoba kəndində 105 evə ziyan dəyib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti qurumların rəhbərləri Niyazoba kəndində vəziyyətlə yaxından tanış olublar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüşərək, fəsadların aradan qaldırılması ilə bağlı operativ tapşırıqlar verib.
Sel sularının qarşısının alınması, habelə təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində ərazidə kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir. Güclü leysan yağışları zamanı sel sularının digər yaşayış evlərinə zərər vurmasının qarşısını almaq məqsədilə diametri 1500 mm olan əlavə suötürücü dəmir-beton boru quraşdırılıb, eyni zamanda əraziyə nəqliyyat əlaqəsinin fasiləsizliyini təmin etmək üçün alternativ yol çəkilib.
























