media-mehr

Beş il öncə Azərbaycan xalqı tarixinin ən qürurverici anlarını yaşadı – 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, 44 günlük Vətən müharibəsində Zəfər qazanıldı. Bu qələbə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin, xalqın birliyinin, ordumuzun qəhrəmanlığının nəticəsi idi. Lakin bu illər ərzində Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış bu Zəfərin fonunda ölkəmizin içərisində və xaricində bəzi radikal müxalifət təmsilçilərinin davranışı milli həmrəyliyə, dövlət maraqlarına zidd istiqamətdə formalaşdı.

Prezident İlham Əliyev postmüharibə dövründə diqqətini tam şəkildə işğaldan azad olunan torpaqlarda quruculuq, bərpa və inkişaf işlərinə yönəldib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində yeni şəhərlər, kəndlər, yollar, hava limanları, enerji infrastrukturu qurulur. Füzuli, Zəngilan, Laçın və Ağdamda görülən bərpa işləri artıq bölgənin sosial-iqtisadi simasını dəyişməkdədir. Prezidentin hər səfəri, açılış mərasimi və verdiyi siyasi mesajlar bu torpaqlarda Azərbaycanın əbədi və möhkəm varlığının rəmzinə çevrilib.

Azad edilmiş ərazilər təkcə tikinti və bərpa məkanı deyil, həm də beynəlxalq əməkdaşlıq və siyasi nüfuzun nümayiş meydanına çevrilib. Qarabağda və Şərqi Zəngəzurda keçirilən beynəlxalq forumlar, konfranslar, mədəni və idman tədbirləri regionun qlobal arenada yenidən dirçəlişinin göstəricisidir.

Bu tədbirlər bir tərəfdən Azərbaycanın quruculuq potensialını nümayiş etdirir, digər tərəfdən isə Ermənistanın dağıtdığı torpaqlarda həyatın necə qayıtdığını bütün dünyaya sübut edir.

Zəngəzur Dəhlizi layihəsi isə ölkəmizin geosiyasi və iqtisadi mövqelərini daha da gücləndirəcək, regionda yeni kommunikasiya xəritəsinin formalaşmasına səbəb olacaq. Azərbaycan bu layihə ilə təkcə öz maraqlarını deyil, həm də beynəlxalq nəqliyyat sisteminin inkişafını təmin edir. Bütün bu mühüm proseslərin fonunda təəssüflə qeyd etmək lazımdır ki, radikal müxalifət nümayəndələri və xaricdə oturub söyüş kampaniyaları aparan qruplar milli birliyimizə, dövlətimizin nüfuzuna qarşı çirkin fəaliyyətlərini davam etdirirlər. Onlar işğaldan azad olunmuş torpaqlara bir dəfə belə səfər etməyi, o torpaqlarda baş verən nəhəng dəyişiklikləri görməyi, Zəfərimizin ruhunu hiss etməyi özlərinə sığışdırmayıblar. Əksinə, sosial şəbəkələrdə, xarici platformalarda ölkəmiz və rəhbərliyimiz əleyhinə təxribatçı fikirlər yaymaqla cəmiyyət arasında inamsızlıq yaratmağa, milli həmrəyliyi sarsıtmağa çalışırlar.

Bu qrupların əsas məqsədi dövlətə qarşı nifrət toxumu səpmək, xalqın əldə etdiyi uğurları kiçiltmək və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Onların “siyasi mübarizə” adı altında apardığı fəaliyyət, əslində, xarici dairələrin sifarişlərini yerinə yetirməkdən başqa bir şey deyil. Söyüş, böhtan və təxribat üzərində qurulan bu fəaliyyətin milli maraqlarla, demokratik dəyərlərlə heç bir əlaqəsi yoxdur.

Azərbaycan cəmiyyəti artıq belə destruktiv ünsürlərin kimliyini, məqsədlərini çox yaxşı tanıyır. Xalqımızın dövlətə və Prezidentə inamı, Qarabağ Zəfərindən sonra formalaşmış milli həmrəylik bu cəhdləri iflasa uğradır. Azərbaycan bu gün öz tarixi reallığını qurur – azad torpaqlarda həyat bərpa olunur, yeni inkişaf mərhələsi başlayır, ölkə regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilir.

Radikal müxalifət isə bu reallıqdan uzaq qalaraq yalnız nifrət və qısqanclıqla yaşayan kiçik bir təbəqənin simasına çevrilib. Onların səsləri artıq xalqın səsinə qarışmır, çünki xalq öz gələcəyini qurur – Zəfərin, birliyin və inkişafın yolu ilə.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər