”Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yeni mərhələ başlayıb”
Tarixdə elə günlər var ki, bir hadisəni deyil, bütöv bir dövrü xarakterizə edir. Azərbaycan üçün 20 Sentyabr da belə tarixlərdəndir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu dörd şəhərin hər biri Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb tarixi yolun ayrıca bir səhifəsini təmsil edir.
2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi həmin tarixi hadisələrin dövlətçilik baxımından əhəmiyyətini rəsmən təsbit etdi. Bu tarix
30 ildən artıq davam edən işğalın yaratdığı reallıqla, minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhidlərin xatirəsi və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlıdır.
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda separatçı silahlı strukturların mövcudluğuna son qoyuldu və Azərbaycanın dövlət suverenliyi bütün ərazidə bərpa edildi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Dövlət Bayrağını ucaltdı və bu, yeni mərhələnin başlanğıcı oldu.
Bu gün əsas məsələ həmin ərazilərdə həyatın yenidən qurulmasıdır. Xankəndidə baş verən dəyişikliklər bunu aydın göstərir. Şəhərdə insanların rahat yaşaması üçün bütün infrastruktur yaradılıb. Qarabağ Universitetinin yaradılması isə Xankəndinin gələcək inkişafında xüsusi yer tutur. Universitetin açılışının 2024-cü il sentyabrın 20-də keçirilməsi şəhərin yeni həyatının rəmzi ifadəsi idi.
Xankəndinin idman həyatında da yeni səhifə açıldı. 2023-cü ilin dekabrında “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun oyununun Xankəndi stadionunda keçirilməsi 30 ildən artıq fasilədən sonra Qarabağın bu şəhərində ilk rəsmi futbol qarşılaşması kimi yadda qaldı. Belə hadisələr şəhərin ictimai həyatının da bərpa olunduğunu göstərirdi.
Xocalının dirçəlişi isə xüsusi mənəvi məna daşıyır.
Burada da yaşayış binaları, istehsal və sosial obyektlərin bərpası, sakinlərin geri qayıdışı prosesi davam etdirilir. Xocalı Soyqırımı Memorialının yaradılması isə tarixi yaddaşın qorunması ilə gələcək həyatın quruculuğunun paralel aparıldığını nümayiş etdirir.
Bəpra prosesi Xocavənddə də aparılır. Hadrut, Tuğ və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi potensialının bərpasını göstərir. Burada yollar, yaşayış məhəllələri, sosial obyektlər və dini-mədəni irs nümunələri ilə bağlı layihələr həyata keçirilir.
Ağdərənin timsalında isə inzibati və iqtisadi dirçəliş bir-birini tamamlayır. Ağdərə rayonunun yenidən yaradılması, şəhərin Baş planının hazırlanması, kəndlərdə yaşayış və infrastruktur layihələrinin həyata keçirilməsi, enerji və digər iqtisadi layihələrin reallaşdırılması regionun gələcək inkişafının əsasını formalaşdırır.
Bütün bunlar Böyük Qayıdış prosesinin mahiyyətini açır.
Görünən budur ki, Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır.










