Xankəndidə açılışlar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub.
XALQ xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə – baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.








Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib.
XALQ xəbər verir ki, Azərbaycan Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, dörd mərtəbədən ibarət “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək.
Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu Mərkəz funksional idarəetmə prinsiplərinə və yüksək xidmət meyarlarına cavab verəcək. “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək. Müxtəlif sahibkarlıq subyektləri və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz, eyni zamanda, məşğulluğun artırılmasına da töhfə verəcək. İlkin mərhələdə Biznes Mərkəzində 20 nəfər işləyəcək ki, onlardan da 12-si Xankəndi, Xocalı, Şuşa və işğaldan azad olunmuş digər ərazilərin sakinləri, 1-i isə Vətən müharibəsi veteranıdır.
Qeyd edək ki, bu cür müasir Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.
Müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.
Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı və müasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edən mühüm layihələrdən biridir.
Bu Mərkəzin yaradılması bir daha sübut edir ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir.











