2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun, həmçinin Qarabağda yaranan yeni reallığın parlaq təzahürüdür. Prezident İlham Əliyevin açılış nitqi bu mühüm tədbirin həm siyasi, həm iqtisadi, həm də mənəvi əhəmiyyətini aydın şəkildə ortaya qoydu.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvəsinə ev sahibliyi edir. Bu dəfəki ev sahibliyi isə xüsusi anlam daşıyırdı – tədbir ilk dəfə olaraq işğaldan azad olunmuş qədim Azərbaycan torpağında, Xankəndidə baş tutdu. Bu, təkcə diplomatik tədbir deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və dövlətçiliyinin mühüm bir nümayişi idi.
Prezident İlham Əliyev çıxışında Ermənistanın uzun illər ərzində törətdiyi işğal və vəhşiliklərə toxunaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını azad etdiyini vurğuladı. İşğal dövründə yüzlərlə şəhər və kəndin, məscidlərin, qəbiristanlıqların, mədəni və dini abidələrin yerlə-yeksan edildiyi bildirildi. 67 məsciddən 65-nin dağıdılması, qəbir daşlarının talan olunması və torpaqlarımızın 1 milyondan artıq mina ilə çirkləndirilməsi Ermənistanın cinayətkar siyasətinin sübutudur.
Prezident eyni zamanda “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri haqqında məlumat verdi. İndiyədək 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, 50 mindən çox insan artıq bu torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bu, Azərbaycanın güclü iradəsinin və qətiyyətli siyasətinin göstəricisidir.
Zirvə görüşündə Prezident İlham Əliyev Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsini də xüsusi vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının son iclasında bu məsələyə dair qəbul olunmuş qətnamə və “İstanbul Bəyannaməsi” beynəlxalq ictimaiyyətin də bu məsələdə Azərbaycanın mövqeyinə dəstəyini göstərdi.
Eyni zamanda Azərbaycanın ECO çərçivəsində təşəbbüsləri, COP29 kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, yeni nəqliyyat dəhlizlərindəki rolu və enerji sahəsindəki töhfələri regionun iqtisadi gələcəyinə böyük töhfə verir. Zirvə çərçivəsində ECO Həftəsi də keçirildi – Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu təşkil olundu. Bütün bunlar Qarabağın regional əməkdaşlığın mərkəzinə çevrildiyini sübut edir.
Sonda Prezident Azərbaycanın iqtisadi imkanlarına toxunaraq, ölkədəki sabit sərmayə mühiti və strateji mövqeyin əhəmiyyətini qeyd etdi. Azərbaycanın 20 il ərzində cəlb etdiyi 350 milyard dollar sərmayə və qaz ixrac etdiyi 12 ölkə onun iqtisadi qüdrətini bir daha ortaya qoyur.
Xankəndidə keçirilmiş ECO Zirvəsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional güc deyil, həm də sülh, bərpa və inkişafın mərkəzinə çevrilib. Bu Zirvə, təkcə Qarabağda deyil, bütün bölgədə yeni dövrün başlanğıcını simvolizə edir.
Ülviyyə Həmzəyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

media-728x90banner

Bənzər xəbərlər