Xilasdan yüksəlişə, sabitlikdən qələbəyə aparan bir yol
Müasir Azərbaycanın siyasi tarixində xüsusi yer tutan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 33 il keçir. Bu 33 il həm də Azərbaycan dövlətçiliyinin yenidən yüksəlişinin, müstəqilliyimizin möhkəmlənməsinin, sabitlik və inkişafın təmin olunmasının yol xəritəsi kimi xalqımızın yaddaşında yaşayır”.
Bunu açıqlamasında deputat Aydın Hüseynov deyib.
YAP-ın yaranmasını zəruri edən amillərdən danışan deputat bildirib ki, ötən əsrin 90-cı illərin əvvəllərində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan ağır sınaqlarla üz-üzə qalmışdı: “ Müstəqillik bərpa edilsə də ölkədə xaos hökm sürür, hakimiyyət böhranı dərinləşir, ərazi itkiləri davam edir, vətəndaş qarşıdurması təhlükəsi artırdı.
Belə bir taleyüklü dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə xalqın xilası naminə Heydər Əliyevə müraciət ünvanlandı. Məhz bu müraciət Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən əsas amilə çevrildi. 1992-ci il 21 noyabrda YAP ümummilli ideologiyanın, dövlətçilik təfəkkürünün daşıyıcısı kimi formalaşdı və qısa müddətdə böyük siyasi qüvvəyə çevrildi”.
Deputat qeyd edib ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın xaosdan, yoxolmadan xilas etməklə yeni bir məqrələninin başlanğıcı sabitlik və inkişaf istiqamətində tarixi dönüş etdi:
“1993-cü ildə dərinləşən böhran, separatizm, dövlətçiliyin çökmə təhlükəsi qarşısında Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu öndərin qayıdışı Azərbaycan dövlətinin xilası oldu. Ulu öndər vətəndaş müharibəsinin qarşısını aldı, dövlət çevrilişi cəhdlərini zərərsizləşdirdi, siyasi sabitlik yaratdı, hüquqi dövlət quruculuğunun əsaslarını qoydu, iqtisadi islahatlara start verdi.
Heydər Əliyev müasir Azərbaycan dövlətinin sarsılmaz təməllərini atdı və ölkəni xaosdan sabitlik və inkişaf yoluna çıxardı.
Ulu öndərin uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun yüksəliş mərhələsi başladı. Belə ki, Ulu öndərin müəyyən etdiyi inkişaf modeli qısa müddətdə bəhrəsini verdi. Azərbaycan regionda enerji strategiyasının mərkəzinə çevrildi, Bakı–Tbilisi-Ceyhan kimi qlobal layihələrlə beynəlxalq arenada mühüm tərəfdaş oldu, iqtisadiyyatda davamlı artım təmin edildi, dövlətçilik təsisatları möhkəmləndi, ölkə beynəlxalq aləmdə nüfuz qazandı. Nəticədə Ümumilli lider Heydər Əliyev siyasəti müstəqil Azərbaycanı güclü, sabit və regional liderə çevirdi”.
Deputat əlavə edib ki, Ulu öndər Heydər Əliyevin siyasi irsinin davamçısı cənab Prezident İlham Əliyevin YAP-a və Azərbayacana liderliyi altında sürətli inkişaf və zəfər mərhələsi kimi tarixə düşdü.
“2003-cü ildən sonra Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldildi. Bu dövr Azərbaycan üçün sürətli inkişaf və böyük qələbələr mərhələsi oldu. Bu dövr ölkə iqtisadiyyatı diversifikasiya olundu, Azərbaycan enerji və nəqliyyat qovşağına çevrildi, beynəlxalq münasibətlərdə ölkənin mövqeyi gücləndi, ordu quruculuğu keyfiyyətcə yeni səviyyəyə çatdı.
Bu siyasətin zirvəsi isə 2020-ci ildə əldə edilən tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi Azərbaycanı qalib dövlətə çevirdi.
Bu gün Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıran başlıca gücdür. Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Ölkənin beynəlxalq nüfuzu daha da artır, iqtisadi sabitlik və sosial layihələr ardıcıl şəkildə həyata keçirilir. Bu mərhələ Ulu Öndər irsinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir”, – o qeyd edib.
Deputat əlavə edib ki, bu proseslərdə YAP cənab Prezidentin yürütdüyü siyasətin uğurla reallaşmasına var gücü ilə dsətək verib.
“Yeni Azərbaycan Partiyası bütün bu nailiyyətlərin ideoloji dayağı və siyasi əsasını təşkil edib. YAP dövlətçilik ideologiyasının daşıyıcısı, siyasi sabitliyin qarantı, inkişaf və islahatların aparıcı qüvvəsi, xalq-iqtidar birliyinin təminatçısı kimi çıxış edir.
YAP-ın 33 illik fəaliyyət yolu müstəqil Azərbaycanın güclənməsi, möhkəmlənməsi və dünya miqyasında nüfuzunun artması ilə səciyyələnir.
YAP-ın 33 illik tarixi – xilasdan yüksəlişə, sabitlikdən qələbəyə aparan bir yolun adıdır. Ulu Öndər Heydər Əliyevin qurduğu siyasi məktəb və onun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində Azərbaycan bu gün özünün ən güclü dövrünü yaşayır. Yeni Azərbaycan Partiyası isə bu tarixi proseslərin mərkəzində dayanaraq dövlətimizi daha böyük hədəflərə doğru aparmaqda davam edir”, – deputat qeyd edib.











