Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Quba rayonunda silsilə tədbirlər keçirilib.
Xocalı soyqırımının otuz dördüncü ildönümü ilə əlaqədar Quba rayonunda anım tədbirləri təşkil edilmişdir. Fevralın 26-da matəm əlaməti olaraq rayon ərazisində Azərbaycan Respublikasının Dövlət Bayraqları endirilmiş, saat 17:00-da isə soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi məqsədilə rayon ərazisində nəqliyyat vasitələrinin hərəkəti dayandırılmış, avtomobillərin səs siqnalları verilmişdir.
Eyni zamanda, Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqqiqəlik sükutla yad olunmuşdur.
Tədbirlər çərçivəsində Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonda məskunlaşmış Xocalı sakinlərinin ailələri ziyarət olunmuşdur. Barlı qəsəbəsində yaşayan Məmmədov Səlim Fəramiz oğlu və İsmayılov İznul Nurməhəmməd oğlunun, həmçinin Quba şəhərində məskunlaşmış Cavadova Xuraman Əhməd qızının ailələri ilə görüşlər keçirilmişdir. Görüşlərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, RİHB-nin Quba şəhər və Zərdabi qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, eləcə də müvafiq bələdiyyələrin sədri və üzvləri iştirak etmişdir.
Görüşlər zamanı Xocalı sakinlərinə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun səmimi salamları çatdırılmış, qeyd edilmişdir ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən biridir.
Vurğulanmışdır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, onun soyqırımı kimi tanınması ilə bağlı xüsusi qərar qəbul edilmişdir. Hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən beynəlxalq aləmdə aparılan məqsədyönlü siyasət nəticəsində, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Xocalı qətliamına hüquqi-siyasi qiymət verilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri tərksilah olunmuşdur. 15 oktyabr 2023-cü il tarixdə ölkə başçısı tərəfindən Xocalı şəhərində və Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması bütün xocalılar, eləcə də Azərbaycan ictimaiyyəti tərəfindən böyük qürur və sevinc hissi ilə qarşılanmışdır.
Qeyd olunmuşdur ki, Xocalı şəhidlərinin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.















