Yaşıllaşdırma Təsərrüfatı Birliyinin "COP29" oyunu-Araşdırma-Fotolar
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 məlum olduğu kimi bu il Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib.
Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.
Bakı İki həftə dünyanın mərkəzi olacaq və məlumatlara görə şəhərə təqribən 70-80 min xarici qonağı qarşılayacaq. COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçirilməsi ilə bağlı qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Bu etimad ölkə başçısı İlham Əliyevin əzmlə apardığı beynəlxalq siyasətin nəticəsi olaraq kimi bilinir,artıq Azərbaycan dünya miqyasında çox güclü mövqelərə sahib olub. Artıq Azərbaycanda COP29 keçirilməsi ilə bağlı lazımi işlər aparılır. P
Prezidentin tapşırıqlarının icrası olaraq bütün qurumlar kimi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyidə COP29-a hazırlıq işləri görür. Lakin bu işləri görərkən öz işlərinidə unutmurlar….
XALQ.AZ-ın məlumatına görə mərkəzi küçə və prospektlərdə quru və xəstə ağacların götürülməsi, yerində yeni ağacların əkilməsi tapşırığını alan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi fürsəti əldən verməyərək şəxsi mənafeləri naminə bu imkandan səmərəli istifadə etməyi tərcih ediblər.
COP29-a hazırlıq adı altında əvvəlcədən sövdələşdikləri, obyekt, restoran, market qarşısında olan və gələcəkdə ayrı-ayrı sahibkarlar tərəfindən qeyri-yaşayış obyektinin tikintisi nəzərdə tutulmuş torpaq sahələrində yerləşən ağaclara COP29 adıyla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza Agentliyindən rəy alaraq ekoloji soyqrima başlayiblar.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən XALQ.AZ-a bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində qeyd etdiyiniz ünvanda ağac kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. Xidmət rəsmisi Dünya Əhmədova bildirib ki, araşdırma zamanı sözügedən ünvanda quru ağacın Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən kəsildiyi müəyyən edilib.
“Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir və bu işlər növbəti günlərdə də davam edəcək”.
Bakı şəhər İcra Hakimiyyətində bildirdilər ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətininin rəyinə əsasən ağac kəsilib.