Yataq otağında
Yeddi ildir ki, ailə həyatı qurmuşam. Övladım olmayıb. Çox həkimlərə getmişik,hətta İrana belə. Amma olmadı ki,olmadı.Yoldaşımda heç bir problem yoxdur,məndədir problemlər. İki il bundan qabağa qədər hardasa bir ümid vardısa içimdə indi heç nə yoxdur. Həyatdan küsdüm, hamıdan küsdüm… Yoldaşım heç nə deməsə də anası başımın ətini yeyib, qurtarırdı. Hər gün dığ-dığ, hər gün atmacalı sözlər. Elə onu bilirdi ki, gedin yatın,bəlkə bir şey oldu. Nə abrı vardı, nə həyası. Hətta Bakıya qonaq gedəndə də ev yiyəsi olan qohuma dedi ki, bunları bir otaqda sal yerini. Sonra da hamı otura-otura qayıtdı ki, gedin siz işinizdə olun. Bizi güclə hamı oyaq vaxtı yataq otağına saldı, xəcalətimdən səhər heç kimin üzünə baxa bilmirdim. Yoldaşım da qorxurdu ondan. Hamama belə bir yerdə göndərirdi bizi, üzündən də murdar gülüşü əskik olmaya-olmaya deyirdi ki, bəlkə hamamda oldu. Yoldaşım axşamlar gedirdi domino oynamağa kişilərlə məhəlləmizdə ,artırmaya çıxıb qışqırırdı ki, ay filankəs, burax da oğlumu, sənə nə var ki, oğlun-qızın, nəvələrin…Onlar da hırıldayıb, söz atırdılar. Bütün bunları eşidə-eşidə əriyib, yox olurdum. Bir ay bundan qabaq qaynanam evə bir qız gətirdi, dedi ki, qohumdur, bizdə qalacaq. Mən əvvəllər bu qızı heç yerdə görməmişdim. Soruşdum ki, hansı qohum? Acıqlandı üstümə. Mən heç nədən şübhələnmədən bunu qəbul elədim. Amma qaynanam elə nəsə bir iş çıxardıb məni göndərirdi harasa qulluğa, qızla yoldaşım da qalırdılar evdə. 1 həftə bundan qabaq qaynanam mənimlə bərk vuruşdu, dedi ki, budey,qızdan çox qız var ,bu gün-sabah doğar da…Elə bil üstümə qaynar qazanla su tökdülər. Qız da gülə-gülə baxırdı mənə. Yoldaşım gələnə qədər məni yığışdırıb atamgilə göndərdi. Axşam yoldaşım mənə zəng vurub ağzından çıxanı dedi. Guya mən kiminləsə gəzirəmmiş, qaynanam da görüb məni qovub evdən. İndi gəlib kənddə də ağzına gələni danışır. Amma 3-4 gün bundan qabaq yoldaşım gəldi və məndən üzr istədi, evə qayıtmağımı xahiş etdi. Soruşdum ki,o qız hələ də ordadır? Dedi ki, hə,o da orda olsun,sən də. Burda nə var ki…Belə başa düşdüm ki, yoldaşım uşaq da istəyir, məni də.
Bu məktubu sizə yazmaqda məqsədim budur ki, cavan qızlarımız bir az ayıq olsunlar, öz haqqlarını tələb edə bilsinlər. Mən onsuz da yoldaşıma etiraz elədim və o murdarlığa bir daha ayağımı basmayacağımı bildirdim. İndi sakit ,asudə anamın yanındayam,ikimiz keçinib gedirik.










