media-qizz

Son aylarda dünya bazarlarında qızılın qiymətinin rekord həddə yaxınlaşması Azərbaycanda da zinət əşyaları və qiymətli metallar bazarına təsirsiz ötüşməyib. Xüsusilə Ramazan və yay mövsümü ərəfəsində toy hazırlıqlarının artması fonunda qızıl və gümüşə tələbat yüksəlib, bu isə qiymətlərdə nəzərəçarpacaq bahalaşma yaradıb.

Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanov Modern.az-a açıqlamasında ölkəmizdə qızıl və gümüş qiymətlərinin artıb-artmayacağı haqqında məsələlərə aydınlıq gətirib.

Son günlər Azərbaycanda qızıl və gümüş qiymətlərində artımın səbəbi:

Hazırkı qiymət artımını əsasən dünya bazarlarında müşahidə olunan proseslərlə əlaqələndirmək məqsədəuyğundur. Son günlər beynəlxalq bazarlarda qızıl və gümüşün qiymətində artım qeydə alınmışdır. Mayın 7-də qızılın bir unsiyası 4 738 ABŞ dolları, gümüşün bir unsiyası isə 79 ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu artıma ABŞ dollarının zəifləməsi, faiz dərəcələri ilə bağlı gözləntilər, eləcə də qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklər təsir göstərən əsas amillər sırasındadır. Bayram ərəfəsində daxili bazarda tələbin artması pərakəndə satış qiymətlərinə müəyyən əlavə təsir göstərə bilər. Bununla belə, ümumi bahalaşmanın əsas səbəbi süni qiymət artımı deyil, beynəlxalq bazar amilləri ilə bağlıdır.

Azərbaycan bazarında qızıl və gümüşün qiymətinə ən çox bu amillər təsir edir:

Yerli bazarda qızıl və gümüşün qiymətinin formalaşmasına ilk növbədə beynəlxalq birjalarda bu metalların unsiya üzrə dəyəri təsir göstərir. Bununla yanaşı, məzənnə dəyişiklikləri, idxal xərcləri, emal və istehsal xərcləri, pərakəndə satış zəncirində yaranan əlavə xərclər, habelə zərgərlik məmulatının dizaynı, çəkisi, əyarı və işlənmə səviyyəsi də yekun qiymətə təsir edən amillərdəndir. Dünya bazarında qiymət artımı baş verdikdə, bu proses müəyyən müddət sonra Azərbaycan bazarında da özünü göstərir. Bununla belə, yerli bazarda qiymət dəyişiklikləri hər zaman beynəlxalq birja qiymətləri ilə eyni sürətdə və eyni həcmdə baş vermir.

Qiymət artım yay mövsümü və toy sezonunda davam edəcəyi gözlənilirmi?

Yay mövsümü və toy dövründə zərgərlik məmulatlarına tələbat ənənəvi olaraq artır. Bu baxımdan, daxili bazarda qızıl və gümüş məmulatlarına marağın yüksək qalması mümkündür. Bununla yanaşı, qiymətlərin əsas istiqaməti yenə də beynəlxalq bazarlarda formalaşan tendensiyalardan asılı olacaqdır. Qısa müddətli dövrdə qiymətlərdə dəyişkənliyin davam etməsi istisna olunmur. Orta müddətli perspektivdə isə geosiyasi risklər, mərkəzi bankların qızıla marağı və inflyasiya gözləntiləri qızıl qiymətlərini dəstəkləyən əsas amillər kimi qiymətləndirilir.

Hazırkı şəraitdə vətəndaşlar üçün qızıl almaq sərfəlidir, yoxsa gözləmək daha məqsədəuyğundur?

Qızıl şəxsi istifadə, hədiyyə və ya toy məqsədilə zərgərlik məmulatı kimi alınırsa, alış qərarının yalnız qısamüddətli qiymət enişi gözləntisi əsasında təxirə salınması hər zaman məqsədəuyğun nəticə verməyə bilər. Lakin investisiya məqsədilə qızıl almağı planlaşdıran şəxslərin daha ehtiyatlı davranması və qiymətlərdə kəskin dəyişikliklərin mümkünlüyünü nəzərə alması vacibdir. Bu halda birdəfəlik böyük məbləğlə alış etmək əvəzinə, mərhələli alış strategiyası daha rasional yanaşma hesab oluna bilər.

Alıcıların məhsul seçimi zamanı yalnız qiymətə deyil, həm də məmulatın əyarına, çəkisinə, işlənmə keyfiyyətinə, istehsalçı və satıcı barədə məlumatlara, habelə üzərində dövlət əyar damğasının olmasına diqqət yetirmələri tövsiyə olunur. Bununla yanaşı, satış qəbzinin və məhsula dair müvafiq sənədlərin təqdim edilməsi də alış zamanı əsas nəzərə alınmalı məqamlardandır. Qiymətli daşların — brilyant, sapfir, yaqut, zümrüd və aleksandritin alışı zamanı isə onların keyfiyyət göstəricilərini, mənşəyini və həqiqiliyini təsdiq edən sertifikatın mövcudluğuna xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

 


media-728x90banner

Bənzər xəbərlər