Yeni səfirlər Prezidentin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.
XALQ xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğulayıb, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirib. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlət başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.
Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu deyib, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğulayıb.






Prezident İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirib.
Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxunub.
Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş edib.
Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunuldu, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olundu. Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulanıb.
Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olunub.





