Yeni tikilən piyada keçidlərində eskaltorlar işləmir….
Bakı şəhərinin bəzi ərazilərindəki keçidlərin eskalatorı işləmir.
Onlardan biri də Ziya Bünyadov prospekti 11 ünvanında yerləşir.
XALQ -ın məlumatına görə, mövcud vəziyyət səbəbindən prospektin üzərindəki keçid ordan istifadə edənlər üçün əsl problemə çevrilib.
Eskalator işləmədiyindən keçiddən keçənlər pilləkənlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə xüsusilə yaşlı şəxslər üçün narahatlıq yaradır.
Sakinlər bildirirlər ki, bu eskalator daim nasaz vəziyyət olur. Təmir olunub işlək hala salınsa da, bir neçə gün sonra yenidən fəaliyyəti dayanır.
Eyni vəziyyət 8 Noyabr prospektindəki keçidlərdə də müşahidə edilir. Buradakı eskalator da 2 aydan çoxdur nasaz vəziyyətdədir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Xəzər Xəbər”ə bildirdi ki, yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalator və liftlərin təmiri istiqamətində işlər aparılır.
Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin qiymətləndirilməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










