Yenidən qurulan Qarabağımız
17 Oktyabr – Füzuli Şəhəri Günü, yalnız bir tarix deyil, azadlıq, zəfər və yenidənqurulan Qarabağın rəmzidir!
Füzuli rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşən qədim və strateji əhəmiyyətə malik ərazilərdən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu torpaq həm təbii gözəlliyi, həm də tarixi irsi ilə fərqlənir. Rayonun ərazisindən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə aiddir. Füzuli 1386 kvadrat kilometr ərazini əhatə edir və Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, həmçinin İranla sərhəddə yerləşir.
Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulmuşdur. O vaxtlar Qarabulaq adlanan bu yaşayış məntəqəsi 1930-cu ildə rayon statusu alaraq Qaryagin adlandırılmışdır. 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adını almışdır.
İşğaldan əvvəl Füzuli rayonu zəngin tarixi və dini abidələrlə tanınırdı. Buraya XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi (Babı kəndi), XIV əsrə aid Mirəli türbəsi (Aşağı Veysəlli kəndi), Əhmədalılar kəndindəki orta əsr qəbiristanlığında yerləşən türbə və XIX əsrə aid Cəlil türbəsi daxildir. Bu abidələr bölgənin qədim mədəniyyətinin və memarlıq irsinin göstəricisidir.
23 avqust 1993-cü ildə Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu dövrdə 663 nəfər şəhid olmuş, 400 nəfər müharibə əlili olmuş, yüzlərlə insan itkin düşmüşdür. Azərbaycan Ordusunun qəhrəmanlıq mübarizəsi nəticəsində 5 yanvar 1994-cü ildə rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
2020-ci il 17 oktyabr tarixində Azərbaycan Ordusunun şücaəti nəticəsində Füzuli şəhəri və Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kimi kəndlər düşmən işğalından azad edilmişdir. Ümumilikdə, Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi azad olunmuşdur.
Bu döyüşlər müharibənin ən ağır və strateji əməliyyatlarından biri idi. Düşmən illərlə möhkəmləndirdiyi müdafiə xəttini qorumaqda aciz qaldı. Azərbaycan Ordusunun gücü qarşısında erməni qüvvələri sonda silahlarını yerə qoyaraq geri çəkildi.
Azərbaycan Prezidentinin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. Bu medalla Füzulinin azadlığı uğrunda döyüşən 25 mindən çox hərbi qulluqçu təltif edilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 oktyabr tarixi Füzuli şəhəri günü elan edilmişdir. Bu gün artıq Qarabağın azad edilmiş bölgələrində bayram kimi qeyd olunur.
İşğaldan azad edildikdən sonra Füzuli rayonunda genişmiqyaslı bərpa işləri aparılır. Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli şəhərinin 2040-cı ilədək Baş planı təsdiq edilmişdir. Rayonun enerji və nəqliyyat infrastrukturu sürətlə bərpa olunur: “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib.
2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və “Qarabağın hava qapısı” adlandırıldı.
2023-cü ildən etibarən Füzuliyə köç prosesi başlanıb. İlk mərhələdə 144 ailə, daha sonra isə 824 ailə (ümumilikdə 3141 nəfər) öz doğma yurduna qayıdıb. 2026-cı ilin sonunadək Füzulidə 22 min, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşaması planlaşdırılır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunmuşdur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilmişdir. Bu layihələr türk dövlətləri arasında dostluğun və həmrəyliyin parlaq nümunəsidir.
Prezident İlham Əliyevin və xarici dövlət başçılarının Füzuliyə çoxsaylı səfərləri nəticəsində rayon yeni bir mərhələyə qədəm qoyub. Yeni kəndlərin — Pirəhmədli, Dədəli, Cuvarlı, Qaraxanbəyli — təməlləri qoyulmuş, ağıllı kəndlər, məktəblər, xəstəxanalar, idman kompleksləri, uşaq bağçaları və yaşayış binaları inşa olunur.