Yol Polisindən müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu hərəkətin təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib.
XALQ müraciəti təqdim edir:
“Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin yüksəlməsinə səbəb olur.
BDYPİ bildirir ki, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.
Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir. Bu cür halların qarşısını almaq üçün BDYPİ bir daha sürücülərə müraciət edir:
Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hərəkət zamanı hava şəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdə fasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.
Unutmayın – yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır”.










