media-zabit

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır.

XALQ  xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Layihəni Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

media-arzu

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.

Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədədr.

Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

 Komitə sədri Arzu Nağıyev bildirib ki, hazırda Silahlı Qüvvələrin yüksək təlabat olan ixtisaslara malik olan hərbi qulluqçularla (həkim, İT mütəxəssisi, maliyyəçi, hüquqşünas və s) komplektləşdirilməsində, habelə səfərbərlik ehtiyatlarının zabit heyəti ilə formalaşdırılması məqsədilə bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsinə zərurət yaranıb: “Belə ki, mövcud qanunvericiliyə əsasən, ali təhsilli çağırışçılar 1 il müddətli həqiqi hərbi xidmət keçdikdən sonra zabit hazırlığı üzrə kursu müvəffəqiyyətlə bitirərək bağlaşma əsasında könüllü surətdə 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər. Bu da, öz növbəsində həmin şəxslərin Silahlı Qüvvələrdə ümumilikdə 2 il 6 ay xidmət etmələri və həmin şəxslərin zabitlərin həqiqi hərbi xidmətinə maraq göstərməmələri ilə nəticələnir. Təqdim edilən Qanun layihəsi zabitlərin  həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsində aşağıdakı dəyişikliklər nəzərdə tutulur:

1) Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılaraq 1 il müəyyən edilməsi;

2) Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsinin verilməsi;

3) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və normayaratma texnikasının tələblərinə uyğun olaraq, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də bir sıra normaların uyğunlaşdırılması, ifadələrin dəqiqləşdirilməsi və texniki xarakterli dəyişikliklərin edilməsi.

Layihənin qəbul edilməsi Silahlı Qüvvələrin peşəkar zabit heyəti ilə, xüsusilə də yüksək təlabat olan ixtisaslara malik olan hərbi qulluqçularla komplektləşdirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, zabit kimi 1 il hərbi xidmət keçmiş daha hazırlıqlı şəxslərin hesabına səfərbərlik ehtiyatının formalaşdırılmasına, bununla da bu sahədə olan problemlərin həllinə xidmət edəcək”.


media-728x90banner

Bənzər xəbərlər