“Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş ilk baxışda texniki xarakterli görünsə də, əslində ölkənin gələcək iqtisadi siyasətinin mühüm elementlərindən biridir. Azərbaycan Qələbədən sonra yeni mərhələyə daxil olur və bu mərhələdə yalnız yollar, limanlar və nəqliyyat dəhlizləri deyil, həmin infrastrukturu işlədən insan kapitalı da həlledici rol oynayır. Sürücülər olmadan dövlətlərarası ticarət və logistika sisteminin səmərəli fəaliyyəti mümkün deyil”.

 XALQ xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Belarusla imzalanan bu sənəd sürücülər üçün hüquqi və inzibati baryerləri aradan qaldırır, daşımalar üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan regional nəqliyyat və logistika mərkəzinə – “hub”a çevrilməyi hədəfləyir. Bu siyasətin əsasını Şərq–Qərb və Şimal–Cənub dəhlizləri, eləcə də gələcəkdə açılması gözlənilən Zəngəzur marşrutu təşkil edir.

Parlamentari deyib ki, Ermənistanla sülh gündəliyinin nəticəsi olaraq regionda kommunikasiyaların açılması yeni ticarət və tranzit axınları formalaşdıracaq. Bu şəraitdə sürücü çatışmazlığı və sertifikatlaşma problemləri aradan qaldırılmadan logistika potensialını tam reallaşdırmaq mümkün deyil. Azərbaycanda yüz minlərlə sürücülük vəsiqəsi olan vətəndaşın mövcudluğu bu sahənin böyük iqtisadi potensiala malik olduğunu göstərir. Təkcə yükdaşıma sektorunda minlərlə şirkət və on minlərlə peşəkar sürücü fəaliyyət göstərir.

Deputat vurğulayıb ki, bu saziş nəticəsində vətəndaşlar əlavə imtahan və inzibati prosedurlardan azad olur, əmək bazarı genişlənir, logistika şirkətlərinin fəaliyyəti asanlaşır və tranzit əməliyyatlarının səmərəliliyi artır.

Həmçinin deputat vurğulayıb ki, Saziş logistika şirkətləri üçün də ciddi üstünlüklər yaradır. Qlobal səviyyədə sürücü çatışmazlığı problemi mövcuddur və bu, təkcə Avropada deyil, postsovet məkanında da hiss olunur. İnzibati maneələrin azaldılması logistika zəncirinin daha çevik işləməsinə şərait yaradır, daşımaların sürətini artırır və xərcləri azaldır.

 Deputat qeyd edib ki, proqnozlara görə, bu cür razılaşmaların geniş tətbiqi yükdaşımaların səmərəliliyini 10–15 faiz artıra, logistika xərclərini 5–10 faiz azalda və tranzit gəlirlərini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Azərbaycan artıq Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və digər ölkələrlə oxşar sazişlər imzalayıb və Belarusla əməkdaşlıq bu coğrafiyanı daha da genişləndirir.

Parlament üzvü söyləyib ki, eyni zamanda, sürücülük və daşımaçılıq sektoru ayrıca strateji iqtisadi sahə kimi inkişaf etdirilməlidir. Qlobal logistika bazarı trilyonlarla dollar həcmindədir və bu sahədə rəqabət böyük logistika şirkətləri və beynəlxalq brendlər üzərindən aparılır. Buna görə də beynəlxalq sertifikatlı sürücülərin hazırlanması, logistika təhsilinin gücləndirilməsi və iri daşıma şirkətlərinin formalaşdırılması vacibdir.

Sonda  o əlavə edib ki, Azərbaycanın əlverişli coğrafiyası və inkişaf edən nəqliyyat infrastrukturu ölkəni regional logistika mərkəzinə çevirmək üçün güclü imkanlar yaradır. Bu imkanların reallaşması isə insan kapitalının inkişafı ilə birbaşa bağlıdır. Nəticə etibarilə, nəqliyyat və logistika sahəsinin güclənməsi ölkənin iqtisadi diversifikasiyasına töhfə verə və neftdən asılılığın azaldılmasına şərait yarada bilər.


media-728x90banner

Bənzər xəbərlər